- Siyasi müzakirə
- 17:52
- 1 945
“Bakı beynəlxalq parlament dialoqunun mərkəzlərindən birinə çevrilir” – Aydın Hüseynov
"Bakının beynəlxalq siyasi platformalardakı çəkisi artır. Bu artıq konkret təşəbbüslərlə görünür. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının Azərbaycanda yaradılması təşəbbüsü bu baxımdan yeni mərhələdir. Azərbaycan tədbir platformasından daha irəli gedib. Bu gün burada beynəlxalq fikir mübadiləsi formalaşır. Bu təşəbbüs region ölkələri ilə parlament əməkdaşlığı üçün yeni imkanlar açır. Parlamentlər arasında əlaqələr genişlənə bilər. Bu əməkdaşlıq bir neçə istiqamətdə fayda verir. Qanunvericilik təcrübəsi paylaşılır, sosial iqtisadi islahatlarla bağlı qarşılıqlı öyrənmə güclənir, ortaq yanaşmalar formalaşır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Qeyd edək ki, Bakının beynəlxalq siyasi platformalarda mövqeyi getdikcə güclənir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının Azərbaycanda yaradılması təşəbbüsü isə ölkənin qlobal parlament diplomatiyasındakı rolunun daha da möhkəmlənməsinin yeni mərhələsi kimi dəyərləndirilir.
Deputat bildirib ki, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərlə münasibətlərin daha sistemli əsasda qurulması mümkün ola bilər.
"Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq daha da dərinləşə bilər. Digər tərəfdən, Azərbaycan regional məsələlərin müzakirəsində daha fəal rol oynaya bilər. Bu bəzi hallarda vasitəçilik imkanlarını da artırır. Parlament diplomatiyası burada vacib alət kimi çıxış edir. Bu addımın daha geniş əhəmiyyəti də var. Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkili sahəsində ciddi təcrübə toplayıb. Bu təcrübə yeni təşəbbüslərlə daha da güclənir. Bu isə gələcək üçün imkanlar yaradır. Digər beynəlxalq institutların və platformaların Bakıda yerləşməsi daha real görünür. Sadə desək, söhbət təkcə bir qərargahdan getmir. Azərbaycan beynəlxalq sistemdə daha aktiv rol almağa başlayır. Nəticədə Bakı tədricən daha geniş coğrafiyada siyasi və parlament dialoqunun mərkəzlərindən birinə çevrilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az