- Redaktor masası
- 16:16
- 3 771
İran gerçəkdən müqavimət göstərə bilirmi?
Çox dəyərli dostum Vüsal Məmmədov yazır:
"Etiraf etmək lazımdır ki, İranın ABŞ və İsrailə qarşı müqaviməti alqışa layiqdir. Dünyanın ən güclü dövləti ilə ən ağıllı dövlətinin tandeminə qarşı tək dayandılar. Zərbələr aldılar, amma sınmadılar. Öldülər, amma əyilmədilər. Amerika-İsrail tandeminin 20 mini aşan zərbələri sistemin başından tük də əskildə bilmədi. Ayaqdadır və meydan oxuyur. Rejimin bütün karikatur mahiyyətinə rəğmən, ona rəhbərlik edənlər həqiqətən də ölümdən qorxmurlar. Qaçıb getmirlər. Bu az şey deyil. Bəli, #İran düşməndir, amma hörmətlə yanaşılmağa layiq düşməndir".
Mən dostum kimi düşünmürəm. Hesab edirəm ki, "müqavimət" anlayışını emosional yox, hərbi strateji məfhum kimi götürsək, tamamilə fərqli mənzərə üzə çıxacaq.
Əvvəla, 47 illik bir rejim 27 gün içində çöküb, iflasa uğrayıb və davamsızlığı bəlli olub. Təsəvvür edək ki, əvvəlki təhsili də nəzərə alınmaqla, bir nəfər imtahana 47 gün məxsusi hazırlaşıb. Amma 1 saatlıq imtahanın 27-ci dəqiqəsində məlum olur ki, o heç bir suala cavab verə bilmir. Onun imtahanda 27 dəqiqə oturması və test suallarına səhv cavab verməsi nə qədər uğurdursa, İranın müqaviməti də o qədərdir. Bu mənadakı hazırlıq nəticə vermirsə, demək, imtahanda suallara "cavab atmaq" nadürüstlükdür. Əgər “müqavimət” nəticə vermirsə, bu artıq strategiya yox, sarsaq inaddır.
Niyə sarsaq inad?
Mənim baxış bucağıma görə, müqavimət reaktiv yox, proaktiv olmalıdır.
Məsələn:
ABŞ və ya İsrail siyasi, hərbi, diplomatik, addımlar atır, İran öz aləmində bunlara cavab verir. Amma İranın cavabları öz sahəsində də, regionda da, dünyada da gecikmiş addımlar olur. Bütün təşəbbüs qarşı tərəfdədir, nə sülhün, nə də müharibənin gündəliyini İran müəyyən edir. Ekspansiyanı öz konstitusiyasında dövlət siyasəti elan etmiş bir rejim indi gərək çoxqatlı oyunlar qurardı. Əvəzində isə generalları İsrail və ABŞ-ni söyür, əksəri hədəfə çatmayan raketlər atır, ertəsi gün də şəkilləri qara çərçivəyə salınır.
İranın bəslədiyi və güvəndiyi Hizbullah, Husilər və çox sayda radikal qruplar hazırda ABŞ və İsrailə təhlükə olmaqdan çox İrana yükdür. Proxy strategiyası o zaman işləyir ki, mərkəz nəzarəti saxlasın. Nəzarət itəndə isə bu qüvvələr güc yox, xaos generatoruna çevrilir. Bu qüvvələr İranın klerikal, siyasi və hərbi elitasını xaosa sürükləyirlər. Sistemi çökdürən amilə çevriliblər. Bu isə heç də gerçək müqavimət potensialı yaratmır.
Allah xatirinə, İrandan qaçıb-qaçmadığı şübhəli olan, ancaq bir dövlət başçısı kimi ortaya heç bir iradə qoya bilməmiş, terror təşkilatının başçısı kimi gizlənən Müctəba Xəmneyini Şarl de Qolla tay tutmaq olarmı? İranın nəzərində ABŞ və İsrail "faşist"dir, amma Fransa Müqavimət Hərəkatı ilə Xubreqan Məclisini, "Azad Fransa" təşkilatı ilə SEPAH-ı müqayisə etsək hansı nəticələrə gələrik? Bəli, tarixdə müqavimət hərəkatlarına liderlik konkret siyasi iradə, düşünülmüş strategiya və məsuliyyət tələb edib. Bu mənada De Qoll fenomeni ilə İranın bugünkü qərarvermə modeli arasında uçurum var. Ən böyük uçurumu isə De Qollun viziyası yaradır. Gəlin, məsələyə bu yöndən də baxaq. İran bu müharibə ilə daha da dərinləşmiş daxili sosial, siyasi, iqtisadi problemlərini çözmək üçün hansı viziyaya malikdir? Belə bir viziya sadəcə olaraq yoxdur!
Ovçular bilir, dağlıq ərazidə çöl canlılarına atəş açanda, əgər yaralanıbsa, ov üzüaşağı qaçır. Yeganə istisna tülküdür. O, yaralanmadığını ovçuya göstərmək üçün yoxuşa dırmanır. Lakin enerjisi çatmır və yıxılır. İranın yoxuşa qaçması güc nümayişi deyil, zəifliyin gizlədilməsidir. Amma fizika dəyişmir axı- enerji tükənəndə yıxılmaq labüddür!
Fikrimi yekunlaşdırsam, İran dövlət strategiyası ilə hərəkət etmir, rejim refleksləri göstərir. Nəticədə İran eskalasiyanı idarə edə bilmir, gərginliyi artırır, amma nəticədə daha sərt zərbə alır. İranın nəinki başından tük əskik olmayıb, hətta tam keçəl qalıb.
Keçəl başa taxta daraq?
Taleh ŞAHSUVARLI