“960 dollarlıq idxal böyük deyil, daha çox test xarakteri daşıyır” – Akif Nəsirli

"Bu barədə açıq və detallı məhsul siyahısı rəsmi şəkildə geniş formada açıqlanmayıb. Məlum olan odur ki, idxalın həcmi çox kiçikdir (cəmi 960 ABŞ dolları) və bu tip ilkin və simvolik ticarət əməliyyatlarında adətən konkret iri məhsul axını yox, məhdud və sınaq xarakterli göndərişlər olur. Ümumilikdə Ermənistanın ixrac etdiyi və regionda rast gəlinən məhsullar arasında qida və içki məhsulları, mineral sular, kənd təsərrüfatı məhsulları, bəzi sənaye və kimyəvi mallar ola bilər. Amma Azərbaycanın bu ilk alışında konkret hansı məhsulun alındığı barədə rəsmi detal açıqlanmayıb. Bu ilin əvvəlində Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyanın dediklərinə görə Ermənistanın Azərbaycana təklif etdiyi məhsullar bunlardır: alüminium folqa və onun xammalı, ferromolibden, tekstil məhsulları, həmçinin kənd təsərrüfatı məhsulları (güllər, istixana pomidoru, bibər)".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb. Məlumata əsasən, bu ilin birinci rübündə Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul alıb. Xatırladaq ki, Azərbaycanın Ermənistandan mal idxalı son 35 ildə ilk dəfə qeydə alınıb. Ötən ildən etibarən Azərbaycan Ermənistana məhsul ixrac etsə də, bu ilin mart ayında ilk dəfə olaraq Ermənistandan idxal həyata keçirilib.

O bildirib ki, bu siyahıya əsasən ehtimal qurarkən bir neçə faktor nəzərə alınır.

"Birincisi, ticarətin həcmi çox kiçik olduğu üçün (960 dollar) ilkin mərhələdə böyük sənaye mallarından çox kiçik partiya və ya test göndərişlər ehtimalı daha yüksəkdir. İkincisi, tez xarab olmayan və daşınması asan məhsullar daha real görünür. Buna görə kənd təsərrüfatı məhsullarından çox güman ki, çiçəklər və ya kiçik həcmli istixana məhsulları daha uyğun variantdır. Üçüncüsü, ferromolibden və alüminium folqa kimi sənaye məhsulları adətən böyük partiyalar və müqavilə əsaslı ticarət tələb edir, buna görə belə kiçik məbləğdə idxalda onların payı ehtimalən aşağıdır. Bu məntiqdən çıxış edərək ən real ehtimal budur ki, ilkin idxal ya test xarakterli kənd təsərrüfatı məhsulları (məsələn, çiçəklər və ya kiçik partiya tərəvəz), ya da çox kiçik sənaye nümunəsi göndərişləri ola bilər. Daha dəqiq nəticə üçün isə gömrük statistikası və HS kodları açıqlanmalıdır, çünki yalnız onlarla konkret məhsulu müəyyən etmək mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az