Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşünün tarixi xarakter daşıyacağına ümid etdiyini vurğulayıb.

Aznews.az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" platformasında paylaşım edib.

"Sədr Si Hörmüz boğazının açıq olmasından və ya sürətlə açılmasından olduqca məmnundur. Çində baş tutacaq görüşümüz xüsusi və potensial baxımdan tarixi olacaq. Sədr Si ilə görüşəcəyim anı səbirsizliklə gözləyirəm - çox böyük nəticələr əldə ediləcək", - deyə D.Tramp paylaşımında qeyd edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar rəhbərinin Pekinə səfəri 14-15 may tarixlərinə planlaşdırılıb.