“ABŞ–İran münasibətlərində gərginliyin azalması və kompromis ehtimalı artır” – Azər Həsrət

"Az öncə Donald Tramp özünün sosial media hesabında yazıb ki, Hörmüz boğazı ilə bağlı gərginlik aradan qalxıb və boğazın tam açıldığı bildirilir. Paralel olaraq İranın xarici işlər naziri Abbas Əraqçi də oxşar məzmunlu paylaşım edərək, Hörmüz boğazının açıldığını və bundan sonra bağlanmayacağını qeyd edib. Bu bəyanatlar ABŞ və İran arasında müəyyən razılaşma ehtimalını gündəmə gətirir. Eyni zamanda Trampın nüvə proqramı ilə bağlı son paylaşımı da tərəflər arasında danışıqların yeni mərhələyə keçə biləcəyinə dair siqnallar kimi qiymətləndirilir. Belə bir fonda ABŞ–İran münasibətlərində gərginliyin azalması və müəyyən kompromisə doğru irəliləyiş ehtimalı müzakirə olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ–İsrail və İran arasında gərginliyin mümkün hərbi qarşıdurmaya çevrilməsi təkcə Yaxın Şərq üçün deyil, həm də Cənubi Qafqaz üçün yeni geosiyasi reallıqlar yarada bilər. Xüsusilə Tehranın bu qarşıdurmadan üstün çıxacağı ssenari regionda təsir dairələrinin yenidən bölüşdürülməsi, kommunikasiya layihələrinin gələcəyi və siyasi balansın dəyişməsi baxımından ciddi müzakirələrə səbəb olur.

Siyasi şərhçi qeyd edib ki, bu proseslər regional dinamikanı, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı vəziyyəti və İranın Cənubi Qafqaz siyasətini də təsirsiz ötüşdürməyə bilər.

"İranın regionda daha ehtiyatlı və balanslı mövqe sərgiləməsi ehtimalı artır. Ümumilikdə, Azərbaycanın indiyədək yürüdülən ehtiyatlı və balanslaşdırılmış siyasəti fonunda regionda yaranan yeni reallıqların ölkənin maraqlarına uyğun şəkildə formalaşdığı qiymətləndirilir. Növbəti mərhələdə də mövcud geosiyasi şərtlər nəzərə alınaraq mövqelərin müəyyənləşdirilməsi aktual olaraq qalır. Eyni zamanda Trampın açıqlamalarında Hizbullah və Livan–İsrail münasibətlərinə dair proseslərə də toxunulur. Uzun fasilədən sonra tərəflər arasında diplomatik təmasların bərpası istiqamətində müəyyən irəliləyişlərin mümkün olduğu bildirilir. Bu da ümumilikdə regionda gərginliyin azaldılması və siyasi dialoqun genişlənməsi kimi qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az