- Siyasi müzakirə
- 16:38
- 2 762
“Hörmüz boğazı ətrafında proseslərdə əsas nəzarətçi aktor ABŞ-dır” – Qədir Aslan
"Orada həm beynəlxalq güc mərkəzlərinin, həm də ayrı-ayrı dövlətlərin maraqlarının toqquşduğu mühüm bir nöqtə və strateji qovşaq mövcuddur. Bu səbəbdən həmin ərazi, xüsusilə böyük güclər tərəfindən daim diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Lakin həm hərbi gərginliyin “qaynar fazasına”, həm də iqtisadi-ticari qarşıdurma mərhələsinə faktiki nəzarəti həyata keçirən əsas aktor ABŞ-dır. Çin, Rusiya, Avropa Birliyi və digər güc mərkəzləri isə daha çox müşahidəçi mövqedə dayanaraq ABŞ-nin başlatdığı yeni blokada siyasətinin hansı nəticələr verəcəyini gözləyirlər. Onlar formalaşacaq nəticələrə uyğun olaraq öz siyasətlərini tənzimləməyə çalışırlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan deyib.
Qeyd edək ki, Hörmüz boğazında vəziyyət yenidən gərginləşib. İranın son açıqlamaları bölgədə tranzit rejiminin sərtləşdirildiyini və hərbi nəzarətin gücləndirildiyini göstərir. Rəsmi Tehranın bu addımı ABŞ-la qarşılıqlı ittihamlar fonunda atması isə strateji su yolunda gərginliyin yeni mərhələyə keçdiyini deməyə əsas verir.
Siyasi şərhçinin sözlərinə görə, İran rəhbərliyi də bu reallığın fərqindədir.
"Tehran hesab edir ki, əgər ABŞ bu prosesdə uğursuzluğa düçar olarsa, İran həm regional mövqelərini gücləndirə, həm də beynəlxalq danışıqlar masasında daha əlverişli mövqe qazana bilər. Bu səbəbdən də müxtəlif taktiki manevrlər həyata keçirilir. Eyni zamanda, ABŞ-nin körfəzə yerləşdirdiyi hərbi donanmanın qısa müddətdə bölgəni tərk edəcəyi real görünmür. Həmçinin blokada siyasətinin də tezliklə sona çatması ehtimalı zəifdir. Çünki Vaşinqtonun əsas mesajı aydındır: İranın nüvə proqramı tam nəzarət altına alınmalı, potensial təhlükələr aradan qaldırılmalı və ABŞ-ın, eləcə də İsrailin təhlükəsizlik maraqlarına heç bir təhdid qalmadığına tam əminlik yaranmalıdır. Yalnız bundan sonra blokadanın aradan qaldırılması məsələsi müzakirə oluna bilər. Bununla belə, bu, ABŞ-nin bölgəni tərk edəcəyi anlamına gəlmir. Təcrübə göstərir ki, Vaşinqton strateji əhəmiyyətli bölgələrdə uzunmüddətli hərbi mövcudluğunu qoruyub saxlayır. Məsələn, Yaponiya ABŞ-nin yaxın müttəfiqi olsa da, Şimali Koreya təhdidi səbəbilə bu ölkədə uzun illərdir geniş hərbi kontingent yerləşdirilib. Eyni vəziyyət Tayvan ətrafında və digər strateji keçid nöqtələrində də müşahidə olunur. Bu baxımdan, İran faktoru ilə yanaşı digər regional risklər də nəzərə alınaraq ABŞ-nin bölgədə uzunmüddətli qalması ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-nin Əfqanıstan və İraqda onilliklər boyu hərbi mövcudluq saxlaması bu ssenarinin real ola biləcəyini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az