“Bu razılaşma müharibəni bitirmir, sadəcə gərginliyi idarəolunan səviyyəyə endirir” – Rəşad Bayramov

"Düşünürəm ki, ABŞ ilə İran arasında müzakirə olunan razılaşmanı tam mənada müharibəni bitirmə planı kimi qəbul etmək bir qədər şişirdilmiş yanaşma olardı. Bunu daha çox tərəflərin birbaşa toqquşmanı idarəolunan səviyyəyə endirmək üçün atdığı taktiki addım kimi qiymətləndirmək daha düzgün olar. Xüsusilə də Donald Trump administrasiyasının daha əvvəl İranla bağlı sərt və maksimalist mövqeyi, o cümlədən “şərtsiz təslimiyyət” ritorikası nəzərə alınarsa, 20 milyard dollarlıq aktivlərin qaytarılması müqabilində nüvə fəaliyyətinin qismən məhdudlaşdırılması əslində strateji geri addım kimi də yozula bilər. Amma bu, o demək deyil ki, ABŞ öz əsas məqsədlərindən imtina edir; sadəcə olaraq, Vaşinqton daha geniş və uzunmüddətli razılaşmaya gedən yolda eskalasiyanı dondurmağa çalışır. Yəni, belə demək mümkünsə, bu cür sənədin əsas funksiyası münaqişəni həll etmək yox, onu idarəolunan vəziyyətə salmaqdır. Çünki tərəflər arasında fundamental ziddiyyətlər, İranın nüvə proqramına yanaşma, regional təsir uğrunda rəqabət və qarşılıqlı etimadsızlıq hələ də qalır. Üç səhifəlik qısa çərçivə sənədi bu dərin problemləri həll edə bilməz və daha çox müəyyən riskləri azaltmağa yönəlib. Tarix də göstərir ki, ABŞ-İran münasibətlərində belə anlaşmalar əsasən müvəqqəti xarakter daşıyır və qalıcı olmur; sadəcə növbəti gərginlik mərhələsinə qədər vaxt qazandırır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ İranın dondurulmuş bank hesablarında saxlanılan 20 milyard dollar vəsaiti geri qaytarmağa hazırlaşır. Donald Trump administrasiyası Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını azaltması müqabilində bu aktivlərin azad edilməsinə razılıq verib. Bununla belə, müharibəni bitirmə planı kimi təqdim olunan üç səhifəlik potensial saziş xarici siyasət çevrələrində ciddi tənqidlərə səbəb olub və Trampın İranın “şərtsiz təslim olması” ilə bağlı uzun müddət səsləndirdiyi vədləri və bəyanatları sual altına salıb.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan təşəbbüsü daha çox gərginliyin dondurulması mexanizmi kimi qiymətləndirmək daha məqsədəuyğundur.

"İran üçün məsələnin iqtisadi tərəfi, şübhəsiz ki, çox vacibdir. Uzun illərdir tətbiq olunan sanksiyalar ölkənin maliyyə sisteminə, valyuta sabitliyinə və ümumi iqtisadi fəaliyyətinə ciddi zərbə vurub. 20 milyard dolların geri qaytarılması Tehrana qısa müddətdə likvidlik təmin edə, daxili iqtisadi təzyiqləri azalda və sosial narazılıqları qismən yumşalda bilər. Bu baxımdan, razılaşma İran üçün konkret və dərhal hiss olunan iqtisadi qazanc vəd edir. Lakin bu qazancın davamlı olub-olmaması sual altındadır, çünki o, ABŞ-la münasibətlərin gələcək trayektoriyasından birbaşa asılıdır. Bununla yanaşı, siyasi legitimlik məsələsi ən az iqtisadi fayda qədər önəmlidir. İran rəhbərliyi üçün belə bir razılaşma yalnız pul axını deyil, həm də beynəlxalq arenada qəbul edilmə anlamına gəlir. ABŞ kimi əsas rəqibin birbaşa və ya dolayı şəkildə razılaşmaya getməsi Tehran üçün daxili auditoriyaya “müqavimət strategiyası işləyir” mesajını verməyə imkan yaradır. Bu isə rejimin daxili legitimliyini gücləndirə bilər. Eyni zamanda, İran bu cür razılaşmalar vasitəsilə özünü tam təcrid olunmuş aktor yox, danışıqlar aparıla bilən və müəyyən şərtlərlə əməkdaşlığa açıq dövlət kimi təqdim edir. Ümumiləşdirərək demək olar ki, razılaşma baş tutarsa, bu, qarşılıqlı güzəştlər əsasında qurulmuş və qısamüddətli sabitlik yaratmağa yönəlmiş aralıq mexanizm olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az