Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı BƏRPA ETDİ

Aprelin 1-də Moskva şəhərində baş tutan yüksək səviyyəli danışıqlar zamanı Rusiya və Ermənistan tərəfi hərbi-texniki sahədə daha öncə imzalanmış razılaşmaların icra edilməsi barədə ortaq məxrəcə gəliblər.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya ilə hərbi-texniki əməkdaşlığımız mövcud olub və hazırda da var. Bir müddət bu əlaqələr xeyli dərəcədə səngimiş və ya dayandırılmışdı. Lakin bəli, əvvəlki razılaşmaların reallaşdırılması ilə bağlı ortaq qərarımız mövcuddur", - deyə hökumət rəhbəri vurğulayıb.

Qeyd edək ki, aprelin 1-də Ermənistanın baş naziri Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşün ardınca Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib ki, Ermənistan artıq Rusiyanın onunla iqtisadi əlaqələri fərqli müstəvidə qurmağa məcbur olacağı həddə çox yaxınlaşıb. İki ölkə arasındakı biznes münasibətlərindən danışan Rusiya rəsmisi əlavə edib ki, Moskva erməni sahibkarları üçün heç bir məhdudiyyət tətbiq etmək niyyətində deyil, lakin ölkədə Rusiya şirkətlərinə qarşı arzuolunmaz münasibət ssenarisi reallaşarsa, Rusiya tərəfi hər şeyin əvvəlki kimi olması barədə diplomatik görüntü yaratmayacaq.