- Redaktor masası
- 20:46
- 2 614
Cümhuriyyəti “dərə”yə kimlər sürdü? - VİDEO ŞƏRH
Dünən adları Nəriman Nərimanov, Əliheydər Qarayev, Məmmədhəsən Hacınski, Çingiz İldırım idi. Bəs, bu gün adları nədir? Kimlərdir onların davamçıları?
Bu yayımda məqsədim sizlərə tarixdən danışmaq deyil. Əslində, heç tarixi simaları da müzakirə etmək istəmirəm. Fəqət hər bir azərbaycanlı özünə sual verməlidir ki, mən, nəyin uğrunda mübarizə aparıram? Bax, bu sualın cavabını öncə tarixdə axtarmaq lazımdır. Çünki bizim apardığımız milli mübarizə istər-istəməz tarixdən müəyyən asılılığa malikdir. Elə ona görə də qısaca olaraq 5 qərinə əvvələ- 28 aprel 1920-ci ilə qayıtmalıyıq. Azərbaycanın ilk respublikasının Rusiya tərəfindən işğal edildiyi tarixə.
İmperial dünyada ancaq 23 ay müstəqil yaşaya bilən cümhuriyyətimizin son məclisi saat 20:45-də başlamışdı. Öncə tribunaya Məmmədhəsən Hacınski çıxdı. Bolşeviklərin rus dilində yazılmış məktubunu oxudu. Kommunistlərin adından “əgər hökumət təslim olsa, 11-ci Qızıl Ordu Bakıya girməyəcək”- dedi. Dediklərinə… özü də inanmırdı!
Növbəti natiqin sözü belə oldu: “Onlar, - yəni, bolşeviklər- indi “Sür dərəyə” deyirlər, biz də gərək sürək”! Danışan sosialist Səmədağa Ağamalı oğlu idi. Bir neçə gün sonra- mayın 1-də- o, Xalq Komissarları Şurasında kənd təsərrüfatı komissarı vəzifəsinə təyin olunacaqdı. Ancaq parlamentin son toplantısında yaradılmasına özünün də dəstək verdiyi Cümhuriyyətin liderlərinə kişilik dərsi keçir və deyirdi: “Təslimiyyətdən başqa çarə yoxdur, çünki artıq iş işdən keçib. Doğrudur, bir az ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əliheydər Qarayev, indi də gəl, sən otur…”
Kim idi Əliheydər Qarayev? Yox!.. Azərbaycanı təslimiyyət dərəsinə sürükləyən təkcə o deyildi. Aprelin 27-də Leninin göstərişi və Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılmışdı. Özünü "komandan" kimi təqdim edən Çingiz İldırımın imzaladığı hədə ilə Cümhuriyyətin bu komitəyə təhvil verilməsi tələb olunur, əks halda atəş açılacağı bəyan edilirdi.
Atəş əmri isə artıq verilmiş, Qırmızı Ordu Azərbaycana hücum çəkmişdi. Zira, bolşeviklər işğalçı orduya qarşı xalqın üsyan edəcəyindən çəkinir və hiylə işlədirdilər. Deyirdilər ki, guya qoşunlar Azərbaycandan keçməklə Anadoluda Mustafa Kamal paşanın harayına gedir.
Əslində, nə Rusiyanın Azərbaycanı işğal etmək planı, nə də Nərimanovun işğalçı bolşeviklərə, obrazlı desəm, bələdçilik etməsi təzə iş deyildi. Azərbaycanın dövlət müstəqilliyi 1920-ci il yanvarında beynəlxalq aləmdə de-fakto tanınmışdı. Lakin Qərb ölkələrinin bolşeviklərə qarşı dəstəklədiyi ağqvardiyaçılar məğlub olduğundan, yaranan reallıqda Çar Rusiyasının müstəqillik qazanmış keçmiş müstəmləkələrinin taleyi arxa plana keçmişdi. Bolşeviklər hələ 1920-ci il yanvarında rəsmi nota göndərərək Azərbaycan hökumətinə Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif etmişdi. Cümhuriyyətin Xarici İşlər naziri Fətəli xan Xoyski cavab notasında yazmışdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə Rusiyanın daxili işidir və Azərbaycan hökumətinin bu işə qarışması doğru olmaz. Bizimkilər fərqində idilər ki, Sovet hökuməti gənc respublikanı Denikinlə münaqişəyə cəlb etmək, zəiflətmək və son nəticədə işğala məruz qoymaq istəyir. Odur ki, Azərbaycan hökumətinin mövqeyi sovet Rusiyasını təmin etmirdi. Rusiyada Xoyskinin cavabını müzakirə etdilər və Bakını İngiltərəyə xidmət göstərməkdə suçladılar.
Sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? Bu sualı isə Nəriman Nərimanov hələ 1919-cu ilin yayında Həştərxandan Nəsib bəy Yusifbəyliyə yazdığı məktubda səsləndirmişdi. Nərimanov məktubunda Cümhuriyyət qurucularını İngiltərənn təsiri altında simasızlaşmaqda, rus fəhlə və kəndlilərinə nankorluq etməkdə suçlamışdı. Onları rus proletariatı qarşısında təqsirlərini yüngülləşdirmək üçün meydandan çəkilməyə çağırmışdı. Nərimanovun səbirsizliklə gözlədiyi məqam yetişmişdi. O, Şimalda itilənmiş süngünü Azərbaycanın qəlbinə sancmaq üçün Bakıya yol almışdı. Baş nazir Nəsib bəyi isə öz firqədaşları satmışdı. Azərbaycan işğal olunanda Cümhuriyyətin etimadlı hökuməti yox idi. Müsavat partiyasının daxilində gedən çəkişmələr nəticəsində Yusifbəylinin kabineti dəstəksiz qalmışdı. Yeni hökumət quruculuğu Daxili işlər naziri Məmmədhəsən Hacınskiyə tapşırılmışdı. O isə bolşeviklərin tərəfinə keçmiş, milli hökumətin əleyhinə çalışmışdı. Sonralar Məhəmməd Əmin Rəsulzadə onu cümhuriyyətin süqutunun faili adlandıracaqdı.
Məhəmməd Əmin Rəsulzadə parlamentin son iclasında baş verənləri öz adı ilə çağırdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Rəsulzadə ultimatumu “təcavüzkar” adlandırdı. O, bolşevik ordusunun Türkiyənin yardımına getmək iddialarını yalanladı, gerçəyi ifadə edərək “Azərbaycanı işğal etməyə gəlirlər” dedi. İclasın gedişində daha bir dəfə söz alaraq, təslimiyyətin əleyhinə olduğunu söylədi. Lakin sözünün davamında firqələrin əksəriyyətinin tələbinə əsasən və daxili müharibədən yayınmaq üçün ixtiyarın kommunistlərə verilməsinə tərəfdar çıxdı. Axşam saat 23 radələrində parlament Azərbaycanda hakimiyyəti istila ordusunun təzyiqi altında Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi.
İndi gəlin Cümhuriyyətin son saatındakı vəziyyəti bir daha nəzərdən keçirək.
1. Azərbaycanın istiqlalını aradan qaldırmaq istəyən xarici güc var. Bu, sovet Rusiyasıdır. Öz daxili problemlərini həll edərək toparlanıb və Rəsulzadənin dediyi kimi, 1914 sərhədinə qayıtmaq istəyir.
2. Beynəlxalq sistemdə boşluq və ya biganəlik var. Britaniya, ABŞ, İtaliya və digər Avropa ölkələri Rusiya ilə savaşa girmək istəmirlər. Türkiyə Azərbaycana dəstək verə bilmir, əksinə, öz xilası üçün Azərbaycanı, yumşaq desək, gözdən çıxardaraq Rusiya ilə anlaşmaq istəyir. Azərbaycandakı türk zabitlərinin çoxu Bakıya dönük çıxıb, ruslar tərəfindən ələ alınıb və qarşı tərəfə xidmət edir.
3. Azərbayan ordusu ermənilərlə savaşdadır, dislokasiya edilməsi və şimaldan gələn işğalçı qüvvənin qarşısına çıxarılması müşkül məsələdir.
4. Azərbaycanın istiqlalına qarşı çıxan və məmləkətimizin Rusiyadan idarə edilməsini istəyən qüvvələr var. Bu qüvvələrə Nərimanov liderlik edir. Onların təsiri altında Azərbaycanın ultimatum qarşısında təslim olmasına çalışanlar var.
5. Məsuliyyəti öz üzərinə götürən, xalqı səfərbər edən, parlamenti və hökuməti təmərküzləşdirən lider və təşkilat yoxdur. Hakimiyyət böhranı, siyasi parçalanma və hərbi itaətsizlik var. Başda Hacinski olmaqla Rusiyanın ələ aldığı və daxili parçalanma üçün istifadə etdiyi fiqurlar de-stabilizasiya yaradırlar.
Bu gün nəyin uğrunda mübarizə aparmalı olduğumuzu bu mənzərə çox bariz şəkildə ortaya qoyur.
Əvvəla, Azərbaycan güclü liderə, qüdrətli orduya, çevik dövlət təşkilatına və tam milli institutlara malik olmalıdır. Bu baxımdan prezident İlham Əliyev Azərbaycan üçün həqiqətən də olduqca böyük tarixi şansdır. Yeni dünya nizamının formalaşdığı bir mərhələdə İlham Əliyev dünya siyasət arenasında əsl lider obrazı yaradır.
Daha bir əlamətdar məqam İkincisi Qarabağ savaşında qazandığımız tarixi zəfərdir. Bu zəfər sayəsində Azərbaycan öz geopolitik təhlükəsizliyini əsaslı dərəcədə möhkəmləndirib. Bizim bu böyük qələbəmizin arxasında dayanan başlıca amillərdən biri də milli həmrəylikdir. Deməli, ölkəmizdə ictimai rəy müxtəlifliyinin sosial zümrələr arasında kəskin ziddiyyətlərə çevrilməsinə imkan verməməliyik.
Nəhayət, 28 aprel təcrübəsi göstərir ki, biz Güney Azərbaycan məsələsinin üzərində xüsusi dayanmalı və Azərbaycanın bütövləşməsini milli hədəf elan etməliyik. Azərbaycan təkcə Cənubi Qafqaz ölkəsi deyil və bizim strateji müqəddəratımız bu dar məkanda həll oluna bilməz. Ona görə də Azərbaycanın milli azadlıq məfkurəsinə qarşı çıxmış Əliheydər Qarayevlərin hazırkı davamçıları kimdir sualına cavabı da elə Güney Azərbaycan məsələsi verir. Diqqətlə baxsanız, qarşımızda nə qədər Məmmədhəsən, nə qədər Necati, nə qədər OcaqNejati görəcəksiniz!
Taleh ŞAHSUVARLI