​“Gərgin siyasi mühitdə təhlükəsizlik məsələsi ABŞ üçün daim aktualdır” – Azər Həsrət

"ABŞ, şübhəsiz ki, çox nəhəng və qüdrətli bir dövlətdir. Onu idarə etmək də asan məsələ deyil. Üstəlik, ABŞ-da maraqların toqquşması həmişə mövcud olub. Digər tərəfdən, müəyyən sosial və iqtisadi rifah fonunda bəzən gözlənilməz və radikal davranışlar da ortaya çıxır. Buna görə də belə hadisələr zaman-zaman təkrarlana bilir. Təkcə prezidentlərə qarşı deyil, ümumiyyətlə, müxtəlif zorakılıq halları da baş verir. Bunun əsas səbəblərindən biri də silah əldə etmənin nisbətən asan olmasıdır. ABŞ-da vətəndaşların silahlanması qanunla tənzimlənsə də, bu imkanın geniş olması təhlükəsizlik risklərini artırır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın və ölkə rəhbərliyinin iştirak etdiyi tədbirdə baş verən insident ciddi rezonans doğurub. Son iki il ərzində Trampın adının çəkildiyi ikinci silahlı hadisənin qeydə alınması xüsusi diqqət çəkir. Xatırladaq ki, 2024-cü ildə, prezidentliyə namizəd olduğu dövrdə ona qarşı atəş açılmış və nəticədə o, yüngül xəsarət almışdı. Bu hadisələr ABŞ tarixində prezidentlərə qarşı baş vermiş oxşar hücumları yenidən ictimai müzakirə mövzusuna çevirib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-da yaşanan bu acı təcrübələrin başqa ölkələrdə təkrarlanmaması üçün, xüsusilə silah məsələsinə daha ehtiyatlı yanaşmaq vacibdir.

"Bəzən Azərbaycanda da silahlanma ilə bağlı müxtəlif fikirlər səslənir, lakin bu cür yanaşmalar olduqca risklidir. Ümumilikdə isə ABŞ prezidentlərinə və ictimai fiqurlara qarşı hücumlar zaman-zaman qeydə alınıb. Bu cür hadisələr bəzən radikal motivlərlə izah edilir, bəzən isə arxasında daha mürəkkəb səbəblərin olduğu iddia olunur. Məsələn, Kennedi sui-qəsdi bu günə qədər bir çox suallar doğurur və müxtəlif versiyalar müzakirə edilir. Son dövrlərdə Donald Trampa qarşı baş verən insidentlər də bu kontekstdə qiymətləndirilir. Burada əsas məsələ təhlükəsizlik sistemlərinin gücləndirilməsidir. Xüsusilə kütləvi tədbirlər və açıq məkanlar əlavə risklər yaradır. Görünən odur ki, ABŞ gələcəkdə yüksək vəzifəli şəxslərin təhlükəsizliyi üçün daha ciddi və kompleks tədbirlər görməyə məcbur olacaq. Çünki 350 milyondan çox əhalisi olan, həm də çoxşaxəli və gərgin siyasi mühitə malik bir ölkədə təhlükəsizlik məsələsi daim aktual olaraq qalır".

Rəfiqə Namazəliyeva,

AzNews.az