​“Buraxılış imtahanlarının çətin olması arzuolunan deyil” – Ramin Nurəliyev

"Biz onsuz da qeyd etmişdik ki, ayın 9-da keçirilən buraxılış imtahanı çətin idi. Ayın 15-də keçirilən buraxılış imtahanı ilə bağlı şagirdlər və abituriyentlər də bildirirdilər ki, ayın 9-da keçirilən imtahana nisbətən daha çətin tərtib olunmuşdu. Amma ayın 15-də keçirilən imtahan da çətin idi. Keçən illə müqayisədə çətin idi. Lakin ayın 9-u ilə ayın 15-i müqayisə ediləndə ayın 9-un daha çətin olduğu qeyd olunurdu. Bu nəticələr də artıq açıq şəkildə ortadadır. Çünki ayın 9-da 2 nəfər 300 maksimal bal toplayıb, ayın 15-də isə 9 nəfər 300 maksimal bal toplayıb. Bu, keçən illə müqayisədə hər iki imtahanın çətin olduğunu göstərir. Ümumilikdə isə buraxılış imtahanının çətin olması heç də arzuolunan deyil. Bunu əvvəllər də qeyd etmişdik. Arzuolunan odur ki, buraxılış imtahanları balanslı olsun".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin 15 martda keçirdiyi buraxılış imtahanlarının nəticələri açıqlanandan sonra imtahanların çətinlik səviyyəsi yenidən ictimai müzakirələrə səbəb olub. Valideynlər və məzunlar imtahan suallarının gözləniləndən daha çətin olduğunu, xüsusilə açıq tipli sualların şagirdlərə vaxt baxımından çətinlik yaratdığını bildirirlər. Onların fikrincə, imtahan zamanı yaranan gərginlik bir çox şagirdin diqqətini yayındırıb və bu da cavab səhvlərinə gətirib çıxarıb. Qeyd edək ki, DİM-in açıqladığı rəsmi məlumata əsasən, 15 mart tarixində keçirilən buraxılış imtahanlarında 9 nəfər maksimum nəticə — 300 bal toplayıb.

Ekspert qeyd edib ki, buraxılış imtahanına yalnız universitetə qəbul olunanlar deyil, attestat almaq üçün imtahan verən şagirdlər də qatılır.

"Eyni zamanda musiqi, incəsənət, aktyorluq, dizayn, rəssamlıq kimi sahələr üzrə imtahan verənlər də var. Məsələn, musiqi ixtisasına gedən şagirdə çətin riyaziyyat sualları salmaq o qədər də məntiqli deyil. Ona görə də buraxılış imtahanları ümumilikdə daha balanslı və nisbətən asan olmalıdır, ən azı keçən illə müqayisədə oxşar səviyyədə qalmalıdır. Rəqəmlərə baxsaq, keçən illə bu il arasında ciddi fərq görünür. Məsələn, keçən il 11 nəfər, bu il isə 45 nəfər maksimal 300 bal toplayıbsa, bu, imtahanın çətinləşdiyini açıq şəkildə göstərir. Eyni zamanda keçən il 250–300 arası bal toplayanların sayı 1000 nəfər idisə, bu il bu rəqəmin ciddi şəkildə azalacağı gözlənilir, təxminən 300–400 nəfər civarında ola bilər. Bu rəqəmlər təxmini olaraq qeyd olunur. Niyə azalır? Çünki yüksək bal toplayanların sayı azaldıqca ümumi bölgü də aşağıya doğru dəyişir və bu fərq bütün ballar aralığında özünü göstərir. Ümumilikdə bu, ümumi statistika DİM tərəfindən hələ açıqlanmayıb. Statistika açıqlanandan sonra daha dəqiq müqayisə aparmaq mümkün olacaq. Eyni zamanda qarşıda iki blok imtahanı da var — birinci və ikinci cəhdlər. Nəticələr açıqlandıqdan sonra kəsil balı və ümumi göstəricilərdəki dəyişikliklər barədə daha konkret fikir bildirmək mümkün olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az