​“Texnologiyadan düzgün istifadə fərdi inkişaf və gəlir imkanlarını artırır” – Naib Niftəliyev

"Virtuallığın ön plana çıxması müəyyən mənada texnologiyalardan yanlış və qeyri-dəqiq istifadənin nəticəsi kimi qiymətləndirilə bilər. Çünki insanlar texnologiyanı vasitə deyil, məqsəd kimi qəbul etdikcə bu cür transformasiya qaçılmaz olur. Digər tərəfdən isə texnologiyadan şüurlu şəkildə istifadə edən, onu düzgün idarə edərək bilik, gəlir və yeni imkanlar qazanan şəxslərin də mövcudluğu danılmazdır. Sosial şəbəkələr və onlayn platformalar bu insanlar üçün yeni mühit və imkanlar yaradır. Məsələnin risk və təhlükə tərəflərinə gəldikdə, burada bir neçə əsas istiqaməti qeyd etmək olar. Virtuallıq əslində insanların yaratdığı şəbəkələşmə mühitidir və bu mühit sosial təsir, təzyiq və yönləndirmə imkanlarını özündə birləşdirir. Müxtəlif sosial şəbəkə qrupları, onlayn birliklər, formal və qeyri-formal platformalar artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və media proseslərinin sürətlənməsində mühüm rol oynayır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son illərdə rəqəmsal texnologiyaların inkişafı ünsiyyət formalarını dəyişib. Sosial şəbəkələr və onlayn mühitlər real münasibətlərlə rəqabət aparır. Bu, rahatlıq yaratsa da, uzunmüddətli təsirləri müzakirə olunur. Birbaşa ünsiyyətin azalması və emosional bağların zəifləməsi əsas risklər kimi qiymətləndirilir.

Sosioloq qeyd edib ki, virtuallığın real münasibətləri tam əvəz etməsi məsələsi hələ də mübahisəli olaraq qalır.

"İnsanlar getdikcə ünsiyyəti texnologiyalar üzərindən qurmağa üstünlük versələr də, bu proses cəmiyyətin sosial strukturunda həm dinamika yaradır, həm də müəyyən risklər formalaşdırır. Sosial şəbəkələrdə aktiv iştirak bəzən sürətli uğur və qazanc illüziyası yaratsa da, əks hallarda insanlar maddi və sosial itkilərlə üzləşə bilirlər. Xüsusilə kibercinayətkarlıq, dələduzluq və məlumat təhlükəsizliyi problemləri əsas risklər sırasındadır. Texnologiyadan sui-istifadə edən qruplar müxtəlif vasitələrlə insanların şəxsi məlumatlarına çıxış əldə etməyə və onları maddi zərərə uğratmağa çalışırlar. Bununla yanaşı, sosial münasibətlərin zəifləməsi və insanların virtual mühitə həddindən artıq bağlanması yeni davranış modellərini formalaşdırır və bəzi neqativ halları normallaşdırır. Digər tərəfdən, texnologiyaların inkişafı sosial strukturda diferensiasiyanı artırır. Hələ ki, bu dəyişikliklər kütləvi xarakter daşımır, lakin gələcəkdə əmək bazarının və iş mühitinin daha çox rəqəmsal platformalara keçməsi sosial münasibətlərin formasını dəyişə bilər. Ənənəvi subordinasiya və koordinasiya münasibətləri transformasiyaya uğrayır, yeni dəyərlər və davranış qaydaları formalaşır. Tarix boyu yeni texnologiyalar ortaya çıxdıqda oxşar narahatlıqlar müşahidə olunub. Ailə, din, hüquq və mədəniyyət kimi institutlar hər zaman bu dəyişikliklərdən təsirlənib. Sosial şəbəkələrin də bu baxımdan həm müsbət, həm də mənfi təsir imkanları mövcuddur və bu proses tamamilə realdır. Uzunmüddətli perspektivdə nəticələr birbaşa proqnozlaşdırıla bilməsə də, insanların texnologiyadan istifadə davranışı burada həlledici rol oynayır. Şəxslər müəyyən mərhələdə öz istifadələrini tənzimləyə və alternativ yollar seçə bilirlər. Lakin asılılıq formalaşdıqda bu prosesi idarə etmək çətinləşir və fərd daha çox kənar təsirlərə məruz qalır. Ümumilikdə, virtuallıq və real həyatın qarşılıqlı təsiri ziddiyyətli, lakin paralel inkişaf edən prosesdir. İnsanlar artıq bu mühit vasitəsilə ünsiyyət qurur, işləyir və sosiallaşırlar. Bu isə media və kommunikasiya sisteminin daha da çevik və sürətli fəaliyyətinə şərait yaradır. Gələcəkdə sosial strukturun dəyişməsi ehtimalı yüksəkdir və bu dəyişikliklər əsasən orta təbəqənin genişlənməsi ilə müşahidə oluna bilər. Eyni zamanda, texnologiyalar təhsil, nəzarət və idarəetmə imkanlarını da artırır. Nəticə etibarilə, texnologiyalardan düzgün istifadə edildiyi halda fərdi inkişaf, gəlir imkanlarının artması və həyat keyfiyyətinin yüksəlməsi mümkündür. İnsanlar vaxt resurslarını daha səmərəli idarə edərək daha məhsuldar və sağlam həyat tərzi qura bilərlər. Lakin risklər və imkanlar hazırda demək olar ki, bərabər nisbətdədir. Bu balansın hansı istiqamətdə dəyişəcəyi isə dövlətin sosial siyasəti, iqtisadi prioritetləri və cəmiyyətin texnologiyalara yanaşmasından birbaşa asılı olacaq. Düzgün idarə olunan proseslər nəticəsində isə daha dayanıqlı və rifah yönümlü sosial modelin formalaşması mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az