- Siyasi müzakirə
- 20:26
- 1 563
“Paşinyan Qərbin, müxalifət isə Rusiyanın dəstəyi ilə siyasət yürüdür” – Azad Məsiyev
"Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil, ya Vaşinqtondur, ya da Kreml. Ölkədə baş verən proseslər erməni lobbisinin Qərb qanadı ilə Rusiya qanadı arasında gedən mübarizənin nəticəsi kimi formalaşır. Ermənistanın gələcək taleyi də məhz hansı gücün təsiri və himayəsi altında olacağı ilə müəyyənləşir. Erməni xalqı tarixən tam müstəqil və suveren siyasi iradə ortaya qoymayıb, əksinə, böyük güclərin təsir alətinə çevrilərək onların maraqlarının həyata keçirilməsində istifadə olunub. Bu baxımdan, 29 800 kvadrat kilometr əraziyə malik Ermənistanın mövcudluğu və formalaşması da xarici güclərin təsiri ilə bağlıdır. Ölkə daxilində həm hakimiyyət, həm də müxalifət fərqli geosiyasi mərkəzlərin təsiri altında fəaliyyət göstərir. Paşinyan və komandası Qərbin, xüsusilə ABŞ-nin dəstəyi ilə siyasət yürüdür, müxalifət isə Rusiya ilə yaxınlaşaraq öz mövqeyini gücləndirməyə çalışır. Nəticədə Ermənistan daxilində siyasi mübarizə daxili deyil, xarici güclərin rəqabətinə çevrilib".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik və qarşılıqlı ittihamlar kəskinləşir. Hakimiyyət və müxalifətə yaxın qüvvələr arasında mübarizə artıq təkcə siyasi mövqelər deyil, həm də ideoloji və ritorik qarşıdurma səviyyəsində davam edir. Bu kontekstdə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan rusiyalı erməni əsilli oliqarx Samvel Karapetyanı keçmiş prezident Robert Köçəryan və “Daşnaksütyun”la eyni siyasi xəttə yaxın mövqe sərgiləməkdə ittiham edib. Onun fikrincə, bu ritorika cəmiyyətdə təhlükə və düşmən obrazı formalaşdırmağa xidmət edir. Hayk Koncoryan Karapetyanın “Sünikin itirilməsi” və “türkləşmə təhlükəsi” kimi tezisləri təkrarladığını bildirərək, bunu Köçəryan dövründən qalan siyasi narrativlərin davamı kimi qiymətləndirib. Ümumilikdə bu qarşıdurma Ermənistan daxilində seçki öncəsi ideoloji xəttin daha da sərtləşdiyini göstərir.
Siyasi şərhçi bildirib ki, Rusiyanın Ermənistanda iqtisadi, siyasi və hərbi sahələrdə ciddi təsir rıçaqları mövcuddur.
"Mövcud hakimiyyət isə bu təsirlərə qarşı çıxaraq Qərb yönlü xətti qorumağa çalışır və dövlət strukturlarında bu istiqamətdə mövqe möhkəmləndirir. İdeoloji mübarizə isə cəmiyyəti yönləndirmək və kütləni idarə etmək vasitəsinə çevrilib. Radikal və avantürist çağırışlar, xüsusilə “Böyük Ermənistan” ideyası, ölkəni regional risklərə sürükləyir və sabitliyi pozur. Ermənistanın gələcəyi qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Sərhədlərin açılması, nəqliyyat xətlərinin bərpası və regional inteqrasiya Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtdir. Azərbaycan regionda aparıcı siyasi və iqtisadi güc kimi çıxış edir və Cənubi Qafqazda sabitliyin formalaşmasında həlledici rol oynayır. Sülh gündəliyinin davam etdirilməsi və əməkdaşlıq mühitinin gücləndirilməsi bölgənin gələcəyi üçün əsas istiqamətdir. Ermənistanın qonşularla qarşıdurma siyasəti ölkəyə yalnız ziyan gətirir. Real siyasət regional əməkdaşlıqdan keçir və dövlətin suverenliyi yalnız bu reallıqlar qəbul edildiyi halda qoruna bilər. Əks halda Ermənistanın xarici güclərin təsir alətinə çevrilməsi davam edəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az