- Mədəni adam
- 20:22
- 804
Şah İsmayıl konfransı başlayıb
Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Şah İsmayıl Xətai konfransı keçirilir
Mayın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli medievist Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransı öz işinə başlayıb.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun alimləri və Oqtay Əfəndiyevin ailə üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli tarixçi, Səfəvilər tarixi elmi məktəbinin yaradıcısı, professor Oqtay Əfəndiyevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransının iştirakçılarını salamlayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da həyata keçirilən islahatlardan biri də ədəbi, tarixi şəxsiyyətlərə müstəqillik dövründə azərbaycançılıq ideyası işığında yenidən qayıdış prosesidir. AMEA rəhbəri qeyd edib ki, Sovetlər İttifaqı zaman-zaman ittifaqa daxil olan respublikalarda yaşayan xalqları əritmək, soykökünü, keçmişini, qəhrəmanlarını, şəxsiyyətlərini unutdurmaq siyasəti həyata keçirmişdir. Xüsusən ötən əsrin 70-ci illərindən sonra “vahid sovet xalqı” adı altında digər xalqların hamısını birləşdirən bir model ortaya qoyulmuşdu ki, digər xalqların mənəviyyatı, varlığı, keçmişi, folkloru tamamilə sıradan çıxırdı.
Sovet rəhbərliyinin sərt qadağalarına baxmayaraq, SSRİ-də beynəlmiləlçilik siyasətinin tətbiq edildiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millilik, milli-mənəvi dəyərlərə qayıdış, milli özünüdərk siyasətini həyata keçirdiyini deyən akademik İsa Həbibbəyli dahi liderin bununla Azərbaycan xalqının özünəqayıdışını dərinləşdirdiyini vurğulayıb: “Həmin illərdə Ziya Bünyadovun “Atabəylər dövləti” kitabı, Bəxtiyar Vahabzadənin “Muğam” poeması meydana çıxdı. Həmçinin “Altmışıncılar” ədəbi nəslinin yazdıqları Sovetlər İttifaqının ideyaları ilə uyğun gəlmirdi. Onları Ulu Öndər qorudu, müdafiə etdi. O zaman pantürkist jurnal hesab olunan “Qobustan” jurnalını da dahi lider qoruyub yaşatdı. Həmin ağır prosesin ən böyük yaradıcılarından biri də bu gün bizimlə bir məclisdə iştirak edən Xalq yazıçısı Anardır. Anar “Ağ liman”, “Dantenin yubileyi”, “Yaxşı padşahın nağılı” əsərləri manqurtlaşdırma siyasətinin ayrı-ayrı təzahürlərini kəskin tənqid edirdi, Elçinin yaradıcılığında da buna bənzər motivlər az deyil və “Mahmud və Məryəm” romanını nümunə çəkə bilərik. Ümummilli Liderin apardığı siyasət nəticəsində, həmçinin Azərbaycan dili 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına daxil edildi. Həmin dövrün ideologiyasına tərs olan bu hadisə zamanına görə böyük qəhrəmanlıq hadisəsi idi”.
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə İmadəddin Nəsiminin, Nizami Gəncəvinin yubileylərinin yüksək səviyyədə qeyd olunduğunu deyən natiq bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, saxlanması, ədəbi şəxsiyyətlərə, tarixi simalara hörmət və ehtiramın göstərilməsi, onların irsinin öyrənilməsi, xalqa milli vətənpərvərlik idealları kimi təqdim olunması istiqamətində aydın bir siyasəti uğurla həyata keçirməkdədir. AMEA rəhbəri vurğulayıb ki, ölkəmizdə “İmadəddin Nəsimi”, “Nizami Gəncəvi” və “Heydər Əliyev” illərinin elan olunması, böyük bəstəkarlarımızın, mədəniyyət xadimlərimizin, xalq aşıqlarımızın heykəllərinin ucaldılması Ulu Öndər tərəfindən başlanmış tarixi şəxsiyyətlərə qayıdış siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini aydın şəkildə göstərir.
Bugünkü konfransın dövlət siyasətimizə uyğun olaraq, tarixi şəxsiyyətlərimizə qayıdışın bir parçası olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, Səfəvi dövləti haqqında sanballı əsər ilk dəfə professor Oqtay Əfəndiyev tərəfindən yazılıb meydana qoyulsa da, ondan sonrakı dövrdə indiyə kimi ayrıca olaraq Şah İsmayıl Xətai haqqında əhəmiyyətli bir kitab ərsəyə gətirilməmişdir.
“Azərbaycanda səfəvişünaslıq məktəbinin banisi professor Oqtay Əfəndiyevdir və onun “Azərbaycanda Səfəvilər dövləti” kitabı ilə Səfəvilərin nəsil şəcərəsi, dövlət kimi formalaşması, inkişafının bütün istiqamətləri barədə ilk dəfə cəmiyyətə məlumat təqdim olunmuş, Səfəvilərin Azərbaycan dövləti olması tutarlı elmi faktlar əsasında sübut edilmişdir. Oqtay Əfəndiyev, həmçinin öz məktəbini yaratdı, davamçılarını yetişdirdi. Bundan sonra Səfəvi dövlətinə həsr olunmuş ayrı-ayrı əsərlər meydana çıxdı və hətta Səfəvi dövründə Azərbaycan-Türkiyə münasibətləri haqqında yeni kitablar yazıldı. Bütün bunlara baxmayaraq, hələ də Şah İsmayıl Xətainin adına layiq parlaq, elmi əsər meydana qoyulmayıb. Romanlar çoxdur, lakin elmi əsər hələ də yoxdur və Şah İsmayıl Xətainin portreti, obrazı haqqında Avropa alimlərinin yazdıqlarını tərcümə edərək tanış oluruq. Biz tarixi şəxsiyyətlərimizə yenidən qayıdarkən Səfəvi dövlətini Azərbaycan dövləti kimi, türk dövləti kimi izah etmək və Xətai haqqında bütün tarixi aspektlərdən möhtəşəm kitab yazmaq vəzifəmizdir. Bu gün burada Türkiyə Cümhuriyyətindən çoxlu qonaqlarımız iştirak edir. Çaldıran döyüşü Türk dünyasını dayandırmaq, parçalamaq siyasətinin təzahürü idi. Çox şadam ki, Türkiyədən olan alimlər konfransa ikinci dəfədir ki, böyük maraq göstərirlər və biz Türk dünyasının ortaq dəyərlərini, bu böyük şəxsiyyətlərin miqyasını açaraq yenidən dünyaya göstərmək istəyirik”, - deyən akademik İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Oqtay Əfəndiyevin bibisi oğlu Xalq yazıçısı Anar görkəmli medievistin xatirəsini əziz tutduğu üçün AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.
Oqtay Əfəndiyevin erkən yaşdan atasını və bacısını itirdiyini deyən Anar görkəmli alimlə sağlığında yaxın qardaş kimi münasibətdə olduqlarını, onun gənc yaşlarından elmə, xalqına fayda verəcək böyük işlərə can atdığını söyləyib.
“Oqtay Əfəndiyevin sağlığında ona həsr etdiyim “Bir əsrin arxayınlığı” məqaləsini yazmışdım. Çünki onun rəsmi mənbələr, sənədlər əsasında hazırladığı “Azərbaycanda Səfəvilər dövləti” kitabı bizə tariximizin XVI əsrinə dair arxayınlıq verir və həqiqətə uyğun olduğu üçün məqaləmi belə adlandırmışam. Xətainin türkcə şeirləri, Səfəvi saraylarında türkcənin hakim dil olması, gətirdiyi “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan” ifadəsi, bütün bunlar hamısı göstərir ki, Səfəvi Azərbaycan dövləti olub”, - deyə Xalq yazıçısı Anar vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov konfransın mahiyyətindən danışaraq iştirakçıları salamlayıb, xüsusilə xarici ölkələrdən gələn qonaqlara təşəkkürünü bildirib.
Direktor çıxışında görkəmli alim Oqtay Əfəndiyevin elmi fəaliyyətinə də toxunub. Qeyd olunub ki, alimin Azərbaycan Səfəvi dövlətinə həsr olunan əsərləri böyük elmi əhəmiyyət daşıyır. Onun “Azərbaycan Səfəvi dövləti” adlı kitabı türk dilinə tərcümə edilərək Türkiyədə nəşr olunub və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, Oqtay müəllimin davamçıları bu gün onun elmi məktəbini layiqincə davam etdirir, əsərlərindəki əsas ideya xəttini inkişaf etdirirlər. Alimin Səfəvilər dövlətinə dair müxtəlif dillərdə çap olunmuş çoxsaylı elmi məqalələri də mövcuddur.
Tədbirə onlayn qoşulan Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun müdiri prof. İlyas Kamaloğlu konfransın ölkələrimizin tarixinə işıq salacağını, birgə elmi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini söyləyib.
Sonda çıxış edən Oqtay Əfəndiyevin qızı dosent Vəfa Əfəndizadə Tezcan atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə və Özbəkistandan 30 nəfərə yaxın alim maraqlı məruzələrlə çıxış edəcək. İki bölmədə fəaliyyət göstərəcək konfransda dinləniləcək məruzələr arasında Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, tanınmış medievist alim Oqtay Əfəndiyevin Azərbaycan Səfəvişünaslığının yaranması və inkişafında rolu, Şah İsmayıl Xətainin siyasi fəaliyyəti, Səfəvi dövlətinin təşəkkülü, sosial-iqtisadi strukturlar, diplomatik münasibətlər, eləcə də ədəbi və mədəni irs kimi mövzular müzakirə olunacaq.
Tədbir mayın 5-də öz işini başa vuracaq.