“Putin ilk dəfə Zelenski ilə üçüncü ölkədə görüşmək imkanından danışır” – Oqtay Qasımov

"Vladimir Putinin Volodimir Zelenski ilə görüşə hazır olması ilə bağlı səsləndirdiyi fikirlər maraqla izlənilir. İlk dəfə olaraq Putin Zelenskinin Moskvaya gəlməsi və ya ona zəng etməsindən deyil, üçüncü bir ölkədə görüş imkanından danışıb. Bu yanaşma əsasən iki amillə əlaqələndirilir. Birincisi, Ukraynanın son dövrlərdə Rusiya ərazilərinin dərinliklərində yerləşən strateji hədəflərə zərbə endirmək imkanlarının artmasıdır. İkincisi isə Rusiyanın Ukraynadakı prosesləri planlaşdırdığı şəkildə idarə edə bilməməsidir. Son aylarda Ukraynanın azad etdiyi ərazilərin həcmi Rusiyanın işğal etdiyi ərazilərdən daha çox olub. Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamaları da göstərir ki, tərəflər liderlər səviyyəsində görüşdən əvvəl uzun danışıqlar prosesinin vacibliyini anlayırlar. Bunun üçün ekspert qrupları və nümayəndə heyətləri əsas müzakirə mövzuları üzərində işləməli, müəyyən prinsiplər əvvəlcədən razılaşdırılmalıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Kremlin mümkün danışıqlarla bağlı mesajları beynəlxalq diqqət mərkəzində qalır. Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə Moskvadan kənarda görüşməyə hazır olduğunu bildirməsi diplomatik müstəvidə yeni müzakirələrə səbəb olub. Dmitri Peskovun açıqlamasına görə, belə bir görüş yalnız münaqişəyə yekun vurulması məqsədini daşıya bilər və bunun üçün tərəflər arasında ciddi hazırlıq prosesinin aparılması vacibdir. Ekspertlər isə bu mesajları həm müharibənin gələcək gedişi, həm də mümkün siyasi kompromislər baxımından mühüm siqnal kimi qiymətləndirirlər.

Siyasi şərhçi qeyd edib ki, liderlərin görüşü daha çox yekun mərhələdə, razılaşmalara son nöqtənin qoyulması məqsədilə baş tuta bilər.

"Hazırkı mərhələdə tərəflərin birbaşa danışıqlara tam hazır olduğunu söyləmək çətindir. Həm Putin, həm də Zelenski müəyyən mənada dialoqa açıq görünsələr də, onların qarşılıqlı şəkildə irəli sürdükləri şərtlər hələlik uzlaşmayan mövqelər kimi qiymətləndirilir. Bu baxımdan liderlərin yaxın perspektivdə görüş ehtimalı tam istisna edilməsə də, proses daha çox cəbhədəki real vəziyyətdən, tərəflərin bir-birinə qarşı tətbiq etdiyi təzyiq mexanizmlərindən və böyük güclərin mövqeyindən asılı olacaq. Burada xüsusilə ABŞ, Avropa İttifaqı və Çinin yanaşmaları mühüm rol oynayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az