Azərbaycan tarixi Kərim Şükürovun elmi irsi prizmasından - Görkəmli alimimizin 70 illik yubileyi münasibətilə

Azərbaycan tarixşünaslığının təşəkkülü və inkişafı onilliklər boyu formalaşmış elmi irsin, xüsusilə də mənbəşünaslıq və metodologiya sahəsində aparılan fundamental tədqiqatların məntiqi nəticəsidir. Sovet dövrünün sonları və müstəqillik illərində Azərbaycan tarix elmində yeni konseptual yanaşmaların tətbiqi, arxiv materiallarının yenidən və obyektiv təhlili bu sahənin dirçəlişinə təkan vermişdir. Bu prosesdə müstəsna xidmətləri olan görkəmli alimlərimizdən biri də tarix elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Kərim Kərəm oğlu Şükürovdur. Kərim Şükürov 1956-cı il mayın 10-da Bərdə rayonunda anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almış və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi. Hələ tələbəlik illərindən mənbəşünaslıq və tarixşünaslıq məsələlərinə dərindən maraq göstərən alim, 1980-ci ildə BDU-nun aspiranturasına daxil olaraq fundamental elmi tədqiqatlara başlamışdır. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra BDU-nun Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib və Azərbaycanın tarixi demoqrafiyası Elmi-tədqiqat laboratoriyasını təşkil edərək ona rəhbərlik edib. Kərim Şükürov 1984-cü ildə “Vətən tarixi” ixtisası üzrə "Cənubi Azərbaycandan Zaqafqaziyaya kəsbkarlıq (XIX əsrin 30-cu illəri-1905-ci il)" mövzusunda namizədlik, 2007-ci ildə isə "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" doktorluq dissertasiyasını müdafiə etmişdir. Hər iki dissertasiya işi ümumilikdə Azərbaycan tarixşünaslığında demoqrafik proseslərin öyrənilməsi istiqamətinin inkişafına mühüm töhfə vermiş, mənbəşünaslıq bazasının genişləndirilməsi və yeni elmi yanaşmaların tətbiqi baxımından əhəmiyyətli rol oynamışdır.

K.Şükürovun bu əsərləri alimin sonrakı tədqiqatları üçün etibarlı nəzəri-metodoloji əsas yaratmış, Azərbaycan əhalisinin tarixi ilə bağlı problemlərin daha dərindən və sistemli şəkildə araşdırılmasına geniş imkanlar açmışdır. Bu istiqamətdə alimin diqqətçəkən əsərlərinə aşağıdakılar daxildir: “Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici (1997); “Türk xalqları XVI – XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər Ittifaqı üzrə)” (1997). “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək) (2004). Beləliklə professor K. Şükürov Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycanın tarixi demoqrafiyası elmi istiqamətinin əsasını qoyan tədqiqatçılardandır. Alim əhalinin say dinamikasını, miqrasiyasını və yerləşməsini yalnız statistik rəqəmlər kimi deyil, mürəkkəb tarixi-siyasi proseslərin nəticəsi kimi kompleks şəkildə öyrənmişdir. Alimin tədqiqatlarında Azərbaycan xanlıqlar dövrü xüsusi çəkiyə malikdir. O, Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının tarixini, onların Rusiya imperiyası tərəfindən işğalı prosesini və regionun siyasi arxitekturasının dekonstruksiyasını dərindən analiz etmişdir. Bu tədqiqatlar regionla bağlı formalaşdırılmış saxta və qərəzli imperiya konsepsiyalarına qarşı tutarlı elmi cavab xarakteri daşıyır. Məhz bu istiqamətdə – Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının tarixinə dair silsilə əsərlərin yaradılmasındakı iştirakına görə Kərim Şükürov 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Professor Kərim Şükürovun Azərbaycan tarixşünaslığına verdiyi ən mühüm töhfələrdən biri onun metodoloji problemlərin həllinə yönəlmiş konseptual yanaşması ilə sıx bağlıdır.

Alimin elmi fəaliyyətində əsas istiqamətlərdən biri uzun illər sovet tarixşünaslığında dominant olmuş ideoloji qəliblərdən, xüsusilə sinfi yanaşmanın məhdudiyyətlərindən uzaqlaşaraq milli tarix elmini obyektiv və çoxşaxəli elmi prinsiplər əsasında yenidən qurmaq olmuşdur. Bu baxımdan onun nəzəri-metodoloji baxışları “Azərbaycan tarixi: 3 hissədə. Elmi-nəzəri və praktik problemləri” (2004)" adlı elmi əsərində sistemli şəkildə öz əksini tapır. Alimin “ Azərbaycan beynəlxalq münasibətlər sistemində (1648–1991): sənədlər və materiallar” (2020), “Zaqafqaziya Müsəlman Ruhani İdarəsi: XIX əsrin 70-ci illərindən XX əsrin əvvəllərinədək (sənədlər və materiallar)” (2022) və “Osmanlı imperiyası və erməni dövlətinin yaradılması (1918–1920)” (2023) kimi əsərləri sənəd və materiallar toplusu kimi xüsusi əhəmiyyətə malikdir. Bu tədqiqatlar arxiv sənədlərinin sistemli şəkildə toplanması və elmi dövriyyəyə daxil edilməsi ilə seçilir. Nəticədə, tarixçilər üçün etibarlı mənbə bazası formalaşdırılır və tarixi hadisələrin birbaşa ilkin mənbələr əsasında araşdırılması mümkün olur. Kərim Şükürovun bir sıra əsərləri isə tarixşünaslıq və ideoloji tənqid istiqamətində mühüm yer tutur. “ Azərbaycan tarixi erməni tarixi publisistikasında və tarixşünaslığında: saxtalaşdırma və həqiqət (Azərbaycan tarixçilərinin rəyləri əsasında)” (2023), “İ. M. Dyakonovun ikili standartları: “Xatirələr kitabı”ndan (1995) “Midiya tarixi”nə (1956) müraciət” (2024), “İ. M. Dyakonovun “Midiya tarixi” əsəri necə yaradılmışdır” (2025) kimi tarixi tədqiqatlarda mövcud olan qərəzli yanaşmalar, saxtalaşdırma cəhdləri və metodoloji problemlər elmi əsaslarla təhlil edilir. Bu əsərlər yalnız tarixi faktların təqdimatı ilə kifayətlənməyərək, eyni zamanda tarixin necə yazıldığını araşdırır və milli tarix narrativinin müdafiəsinə xidmət edir.

Alimin “Azərbaycan albanşünaslığının (Qafqaz) tarixinə dair (dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə)” (2023) əsəri isə xronoloji biblioqrafiya xarakteri daşımaqla xüsusi əhəmiyyət kəsb edir. Bu tədqiqat sahə üzrə mövcud elmi ədəbiyyatın sistemləşdirilməsinə, əsas istiqamətlərin müəyyənləşdirilməsinə və gələcək araşdırmalar üçün metodoloji baza yaradılmasına imkan verir. Beləliklə, müəllif yalnız tədqiqat aparmaqla kifayətlənmir, həm də elmi infrastrukturun formalaşdırılmasına töhfə verir.Ümumilikdə, Kərim Şükürovun təqdim olunan tədqiqatları göstərir ki, o, müasir Azərbaycan tarixşünaslığında yalnız ayrı-ayrı problemləri araşdıran alim deyil, eyni zamanda tarix elminin inkişaf istiqamətlərini müəyyənləşdirən, elmi məktəb formalaşdıran və milli tarix konsepsiyasını sistemli şəkildə inkişaf etdirən aparıcı tədqiqatçılardan biridir. Onun əsərləri empirik mənbə bazasının genişləndirilməsi, metodoloji yanaşmaların yenilənməsi və tarixşünaslıqda obyektivliyin təmin olunması baxımından fundamental əhəmiyyət kəsb edir və uzunmüddətli perspektivdə Azərbaycan tarix elminin inkişafına mühüm təsir göstərir.

Kərim Şükürov yalnız məhsuldar tədqiqatçı kimi deyil, həm də yüksək səviyyəli elmi təşkilatçı kimi tanınır. 2021-ci ildən etibarən o, Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna rəhbərlik edir və bu dövr ərzində institutun elmi-təşkilati fəaliyyətinin sistemli şəkildə yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Onun rəhbərliyi altında institutun fəaliyyət strategiyası dövlətimizin alimlərimiz qarşısında qoyduğu vəzəfələrə və müasir tarixşünaslıq metodologiyasının tələblərinə uyğunlaşdırılmış, prioritet tədqiqat istiqamətləri müəyyənləşdirilmiş və bu istiqamətlər üzrə yeni struktur bölmələri təsis edilmişdir. İnstitutuna rəhbər təyin olunduğu ilk günlərdən etibarən professor K.Şükürovun rəhbərliyi ilə “Azərbaycan tarixi”nin bircildlik və çoxcildlik nəşrlərinin hazırlanması istiqamətində ardıcıl iş aparılır. Bu nəşr 1998-ci ildən sonra ilk dəfə olaraq yeni konsepsiya əsasında Azərbaycanın qədim dövrlərdən müasir dövrümüzədək tarixinin kompleks şəkildə araşdırıldığı fundamental tədqiqat olacaqdır.

2021–2025-ci illər ərzində professor K.Şükürov institut nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuş, elmi kadr hazırlığının keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bu dövr ərzində ümumilikdə 90 dissertasiya işi müdafiə edilmiş, nəticədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 43 nəfərə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi (onlardan 8-i institutun əməkdaşı), 18 nəfərə isə tarix elmləri doktoru elmi dərəcəsi (onlardan 9-u institutun əməkdaşı) verilmişdir. Bu göstəricilər təkcə institutun deyil, ümumlikdə ölkəmizin tarix elmi sahəsində kadr potensialının gücləndirilməsi və milli tarixşünaslığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Professor K. Şükürovün təşəbbüsü ilə Azərbaycan tarixşünaslığının aktual problemlərinə həsr olunmuş yeni elmi nəşrlər – “Azərbaycan tarixşünaslığı” və “Etnologiya” jurnalları təsis edilərək müntəzəm şəkildə nəşr olunmağa başlamışdır. Bu jurnallar milli tarix və etnologiya sahəsində aparılan tədqiqatların nəticələrinin sistemli şəkildə elmi ictimaiyyətə təqdim olunmasına və beynəlxalq elmi dövriyyəyə daxil edilməsinə xidmət edir.

Eyni zamanda institutun beynəlxalq elmi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirilmiş, Qazaxıstan, Özbəkistan, Tacikistan, Rusiya Federasiyası və Türkiyə kimi ölkələrin tarix institutları ilə əməkdaşlıq əlaqələri qurulmuş və inkişaf etdirilmişdir. Bu əməkdaşlıq çərçivəsində birgə elmi layihələr və konfranslar həyata keçirilmişdir ki, bu da Azərbaycan tarix elminin beynəlxalq elmi məkanla inteqrasiyasını sürətləndirmişdir. Professor Şükürov beynəlxalq elmi konfranslarda fəal iştirak edərək Azərbaycan tarixinin xarici elmi ictimaiyyətə təqdim olunması və tanıdılması istiqamətində sistemli fəaliyyət göstərmişdir. Bu fəaliyyət Azərbaycan tarixşünaslığının beynəlxalq elmi diskursda mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Kərim Şükürov həmçinin innovativ elmi layihələrin müəllifi kimi çıxış edərək rəqəmsal humanitar elmlər istiqamətində mühüm addımlar atmışdır. Onun təşəbbüsü ilə “Elektron kitabxana” və “Azərbaycan tarixi institutun elmi arxivinin sənədləri əsasında” adlı layihələr həyata keçirilir. Bu layihələr tarixi mənbələrin və institut əməkdaşlarının tədqiqatlarının rəqəmsallaşdırılması, sistemləşdirilməsi və geniş oxucu auditoriyası üçün əlçatanlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İnstitutun elmi fəaliyyətinin coğrafiyasının genişləndirilməsi məqsədilə hər il tarixçi alimlərin respublika daxilində və xarici ölkələrin arxivlərinə ezam olunması təmin edilir, eyni zamanda etnoloqların ölkənin müxtəlif regionlarına ekspedisiyaları təşkil olunur. Bu fəaliyyətlər empirik material bazasının zənginləşdirilməsi və sahə tədqiqatlarının intensivləşdirilməsi baxımından mühüm rol oynayır. Kərim Şükürov rəhbərliyi altında çoxsaylı doktorant və dissertantlar elmi fəaliyyətə cəlb olunmuş, onların elmi karyerasının formalaşmasına mühüm töhfələr verilmişdir.

Kərim Şükürovun Azərbaycan tarix elminin inkişafına verdiyi mühüm və çoxşaxəli töhfələr dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Belə ki, 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən alim elmi fəaliyyət sahəsində qazandığı nailiyyətlərə, milli tarixşünaslığın inkişafına verdiyi sanballı töhfələrə, eləcə də elmi-təşkilati fəaliyyətinin yüksək nəticələrinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Bu yüksək dövlət mükafatı Kərim Şükürovun uzun illər ərzində apardığı ardıcıl elmi-tədqiqat işlərinin, milli tarix elminin konseptual əsaslarının zənginləşdirilməsi istiqamətində göstərdiyi səylərin və Azərbaycan tarixinin beynəlxalq elmi müstəvidə tanıdılması sahəsindəki xidmətlərinin rəsmi təsdiqi kimi çıxış edir. Eyni zamanda, bu təltif onun rəhbərliyi altında həyata keçirilən institusional islahatların, elmi kadr hazırlığı sahəsində əldə olunan nailiyyətlərin və müasir tarixşünaslıq məktəbinin formalaşdırılması istiqamətində görülən işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Beləliklə professor Kərim Şükürovun 70 illik ömür yoluna və zəngin elmi fəaliyyətinə nəzər saldıqda, onun Azərbaycan tarixşünaslığında özünəməxsus bir məktəb yaratdığı açıq şəkildə görünür. Alimin irsi yalnız akademik dairələr üçün nəzərdə tutulmuş dar çərçivəli tədqiqatlar deyil, bütövlükdə milli şüurun və tarixi yaddaşın obyektiv arxiv materialları əsasında formalaşmasına xidmət edən dəyərli sərvətdir. Onun həm tədqiqatçı, həm də elmi rəhbər və təşkilatçı kimi fəaliyyəti gələcək tarixçi nəsilləri üçün etibarlı elmi bələdçi rolunu oynamaqda davam edir. Mən görkəmli almimizi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, ona can sağlığı, böyük elmi fəaliyyətində davamlı uğurlar arzulayıram.

İlqar Niftəliyev