- Yazarlar
- 11:27
- 1 672
Referenduma getmək üçün Paşinyana 70 mandat lazım idi
Bəli, Paşinyanın partiyası bu seçkidə qələbə çaldı, amma...Baxın, mövcud seçki qanunvericiliyinə görə yerlərin sayı bu dəfə 101-dən 105-ə qaldırılan Ermənistan parlamentində "Mülki Müqavilə"nin 64 mandatı var. Bu, sabit çoxluq deməkdir. Yəni o deməkdir ki, hakim partiya yenə də təkbaşına hökumət formalaşdıracaq. Amma Azərbaycanla sülh məsələsi, ən azından bu yöndə proseslərin gözlənldiyi kimi rəvan gedəcəyi artıq sual altındadır. Çünki Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı üçdə iki səs çoxluğu, indiki halda 70 mandat tələb edilir ki, bu da yoxdur və olmayacaq!
Düzdür, belə olduqda "alternativ yol"a da əl atıla, yəni məsələ xalqın öz öhdəsinə buraxıla bilər. Bunun üçünsə referendum keçirilməsi tələbi ilə öncə 50 min imza toplanmalıdır. Parlamentdəki revanşist ünsürlər mövqelərində qalsalar, onda bu dəfə referendumun lehinə 300 min səs toplanması tələb olunur ki, belə olduqda təsdiq üçün artıq parlamentdə mütləq çoxluğa ehtiyac duyulmur. Referendum keçiriləcəyi, konstitusiyaya dəyişiklik ediləcəyi və Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə belə, eyni səbəbdən onun parlamentdə təsdiqlənməsi problemi də var. Orasını da qeyd edim ki, "Müstəqil Dövlət İnstitutları" adlandırılan qurumlara rəhbər və üzvlərin seçilməsi də indiki halda elə də asan görünmür. Söhbət Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyasının tərkibi və Konstitusiya Məhkəməsinin hakimlərinin parlamentdə təsdiqlənmələrindən gedir. Bunun üçün gərəkən beşdə üç səs çoxluğu, yəni 63 mandat Paşinyanın partiyasında var, ancaq o partiyanın üzvlərindən cəmi 2 nəfər elektoratın bir hissəsi kimi satın alındığı, yaxud da hansısa səbəbdən Paşinyana tabe olmaq istəmədiyi halda burada da problemlər yaranır.
Ona görə də mən Ermənistan parlamentində yaxın perspektivdə 2018-ci ildə baş verənlərin təkrarlanacağını, yəni baş nazirin istefasını və parlamentin özünü buraxıb yeni seçkiyə gedə biləcəyini istisna etmirəm. Təcrübə göstərir ki, Paşinyan ancaq növbədənkənar seçkilərdə öz məqsədinə çata bilir.
Sahib ALIYEV