- Siyasi müzakirə
- 21:27
- 1 266
“Müxalifətin Paşinyanın təşəbbüslərinə dəstək verməsi real görünmür” – Həşim Səhrablı
"Əslində, Paşinyan seçkidə qalib gəlsə də, bu qələbəni onun gözlədiyi “böyük qələbə” kimi qiymətləndirmək çətindir. Çünki hakimiyyət, o cümlədən Paşinyan komandası istəyirdi ki, 50 faizdən yuxarı səs toplayaraq seçkinin nəticəsini təkbaşına müəyyən etsin, beləliklə həm konstitusion çoxluğu əldə etsin, həm də daxili siyasətdə mümkün etiraz səslərini maksimum dərəcədə zəiflətsin. Lakin nəticə etibarilə bu, müxalifət üçün yeni bir arqument də yaratmış oldu. Bu arqument nədən ibarətdir? Hazırkı vəziyyətdə 4 faizlik baryeri keçməyən partiyaların səslərinin bölünməsi hesabına Paşinyanın rəhbərlik etdiyi partiya parlamentdə çoxluğu təmin edə bilər. Amma müxalifət bunu hər zaman müzakirə mövzusu kimi gündəmdə saxlayacaq. Onların iddiasına görə, Ermənistan cəmiyyətinin yarıdan az hissəsi Paşinyana etimad göstərib, qalan mandatlar isə 4 faizlik baryer səbəbindən kənarda qalan partiyaların səslərinin bölünməsi nəticəsində formalaşıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində 49,81 faiz səs toplayaraq qalib gəlib. Qanunvericiliyə görə, ən çox səs qazanan siyasi qüvvə əlavə mandatlar hesabına hökuməti formalaşdırmaq hüququ əldə edir. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,29 faiz, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,94 faiz səs toplayıb. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası da parlamentə düşməyi bacarıb. Seçkilərdə iştirak səviyyəsi 58,97 faiz olub. Paşinyan komandasının yenidən qələbə qazanması regionda gedən proseslər və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından diqqət çəkən siyasi hadisə kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, bu vəziyyət Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiqlərin artmasına, eləcə də onun qərar və təşəbbüslərinin müxalifət tərəfindən daha sərt tənqid olunmasına zəmin yaradacaq.
"Xatırlatmaq lazımdır ki, Paşinyanın komandası parlamentdə çoxluğu əldə etsə belə, konstitusiyanın dəyişdirilməsi üçün sadə çoxluq kifayət etmir. Bunun üçün 3/2 səs çoxluğu, yəni 61 deputatın dəstəyi tələb olunur. Mövcud nəticələr isə göstərir ki, Paşinyanın partiyası bu həddi təkbaşına təmin edə bilməyəcək. Bu səbəbdən baş nazir seçilməsi və bəzi əsas vəzifələrə öz namizədlərinin gətirilməsi mümkün olsa da, konstitusiya dəyişikliyi məsələsi ciddi sual altındadır. Çünki bunun üçün lazım olan geniş parlament dəstəyi yoxdur. Müxalifətin müxtəlif fraksiyaları və deputatlarının Paşinyanın konstitusiya dəyişikliyi təşəbbüsünü dəstəkləməsi isə real görünmür. Xüsusilə Karapetyan və Köçəryan düşərgəsinə yaxın deputatların buna “hə” deməsi ehtimalı aşağıdır. Yalnız o halda razılıq mümkündür ki, dəyişikliklər onların təhlükəsizlik və siyasi maraqlarına ciddi zərər verməyən şəkildə formalaşdırılsın. Eyni zamanda, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması kimi məsələlər müxalifət üçün həssas mövzu olaraq qalır və bu istiqamətdə razılaşmanın əldə olunması çətin görünür. Bununla belə, proseslərin gələcək gedişi həlledici olacaq. Paşinyan seçkidən sonra verdiyi vədləri yerinə yetirmək və regional siyasətdə irəliləyiş əldə etmək üçün konstitusiya dəyişikliklərinə cəhd edə bilərmi, bu hələ açıq sualdır. Əgər bu dəyişikliklər baş verərsə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində yeni mərhələ açıla, iqtisadi və siyasi əlaqələr genişlənə bilər. Bu, həm də Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq istiqamətində bir addım kimi qiymətləndirilə bilər. Lakin bu ssenarinin reallaşması üçün əsas şərt Azərbaycan tərəfinin irəli sürdüyü tələblərin, xüsusilə də konstitusiyada yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu baş verərsə, sülh prosesində irəliləyiş mümkündür. Əks halda isə Azərbaycan öz alternativ planlarını işə salmalı olacaq. Ona görə də bütün mümkün ssenarilər indidən nəzərə alınmalıdır. Hazırkı seçki nəticələri göstərir ki, konstitusiya dəyişikliyi prosesi asan olmayacaq. Bu səbəbdən həm diplomatik, həm də siyasi alternativlər hazır vəziyyətdə saxlanmalıdır. Əgər qarşı tərəf öhdəliklərini yerinə yetirməzsə, regionda mövcud olan gərginliklərin davam etməsi ehtimalı qalacaq və Azərbaycan öz təhlükəsizlik və milli maraqlarını qorumaq üçün adekvat addımlar atmağa davam edəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az