“Ermənilər məcbur olmadıqları halda sülhü qəbul etməyəcəklər”- Əhməd Oruc

“Rusiya regionda təsirinin azalmasına, yaxın qonşuların müstəqilliyinə dözüm göstərməyəcək həddədir”

Azadlıq Partiyasının sədri Əhməd Oruc AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Azadlıq Partiyası hansı istiqamətdə fəaliyyət göstərir? Siyasi partiyalararasında əməkdaşlığı necədir?

-Xüsusi fəalliyyətimiz yoxdur. Daimi fəaliyyətlə, təşkilatlanma, ilə məşğuluq. Müəyyən məsələləri müzakirə edir, onlara münasibət bildiririk. Əməkdaşlıq imkanlarına gəldikdə isə demək olar, heç bir partiya ilə sıx əməkdaşlıq etmirik.Tədbirlərdə müəyyən məsələlərə münasibətdə bəzən məsləhətləşmələr olur. Vahid Azərbaycan Milli Birlik Partiyası ilə fəaliyyətimizdə müəyyən koordinasiyalar olur.

-Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin müzakirəsi gündəmdədir. Sülh danışıqlarından gözləntiniz nədir?

-Ermənilər bu məsələlərdə vaxt qazanmaq, beynəlxalq təzyiqlərdən yaxa qurtarmaq üçün ayrı-ayrı zaman kəsimlərində işçi qruplarının yaradılması və digər məsələlərə müsbət mövqe nümayiş etdirdiklərini göstərirlər. Ancaq işçi formatı, səviyyəsi, təmsilçilərin sayı kimi məsələlər yarımçıq qalır. Brüssel görüşündən bir ay keçir, ancaq heç bir nəticə yoxdur. Əslində bu prosesin aktivləşməsi çox qısa zaman tələb edir. Xatırladım ki, bundan öncə də Moskvada üçtərəfli işçi qrupu razılaşdırılmışdı. Sonra məlum oldu ki, ermənilər danışıqlardan imtina etdilər. İşçi qrupu fəaliyyəti dayandırıldı. İndi yenidən guya işçi qrupu yaradılır. Düşünürəm ki, bununda ciddi addımların atılmasında təsiri olmayacaq. Ermənilər məcbur olmadıqları halda sülhü qəbul etməyəcəklər. Ermənilər ancaq daha böyük hərbi məğlubiyyətdən qaçmaq üçün hansısa sazişləri imzalaya bilərlər. Onlar nə Türkiyənin ərazi bütövlüyü ilə bağlı, nə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir sənədə yaxın müddətdə, məcbur olmasalar imza atmayacaqlar. Beynəlxalq birlik, xüsusən böyük dövlətlər ermənilərdən Azərbaycan və Türkiyəyə qarşı istifadə edirlər. Ermənilər də onların əlində bir vasitədir. Ona görə mən ermənilərin sülh prosesi ilə bağlı səsləndirdikləri fikirlərin səmimi olmadığını hesab edirəm. Bunun belə göstərilməsinin qəti əleyhinəyəm.

-Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan bir-birinə yaxınlaşmağa hazırdır. Siz necə düşünürsünüz, Rusiya həqiqətənmi bu məsələlərin həllində maraqlıdır?

-Rusiyanın həqiqi üzünü Ukraynadakı müharibə bir daha ortaya qoydu. Nəinki Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Azərbaycanla Ermənistan arasında münaqişənin dayanmasında da maraqlı deyil. Rusiya regionda təsirinin azalmasına, yaxın qonşuların müstəqilliyinə dözüm göstərməyəcək həddədir. Rusiyanı şizofren dəstə idarə edir. Rusiya ictimai fikri həqiqəti söyləməkdən qorxur. Rusiyada dövlət qurumları təşkilatları, siyasi təşkilatlar müharibə haqqında həqiqəti söyləməkdən çəkinirlər. Rusiya Putinin əlində girov vəziyyətindədir. Rusiyanın burada vasitəçi rolu həmişə regionda qalmaq, xalqları, millətləri bir-birinə qırdırmaq bu əraziləri öz təsiri altına almaqdan ibarətdir. Rusiya heç bir halda sülhməramalı olmayıb. O Azərbaycana qarşı ömür boyu bədməramlı olub. Hadisələrin gedişi onu göstərir ki, Rusiya imperiyasının sonu yaxınlaşmaqdadır.

-İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirilir. Sizcə, müxalifətin bu fəallığı nə ilə nəticələnə bilər?

-Ermənistandakı etirazlar Paşinyanın hər hansı sənəd imzalamaması üçün özünün də razılaşdığı oyundur. Bu etirazlarla göstərirlər ki, erməni ictimaiyyəti bu məsələrlə bağlı güzəştə getməyə, sülhə hazır deyil. Erməni siyasətinin mahiyyətində Azərbaycana qarşı ərazi iddiaları var. Bu iddialardan yanlız güc qarşısında, məcburiyyət qarşısında geri çəkilə bilərlər.

- Rusiya-Ukrayna müharibəsinin hazırkı durumu haqqında fikriniz necədir? Müharibənin sonunu necə görürsünüz?

-İlk gündən bildirmişdim ki, əgər Ukrayna bir neçə gün dözüm göstərsə, rus ordusunun sıradan çıxmış, sovet dövründən qalma texnikalarının nümayiş məskəni olacaqdır. Proses onu göstərdi ki, rus ordusu heç bir ciddi əməliyyat aparmaq imkanında deyil.Rusiyanın beynəlxalq ictimaiyyəti atom silahı ilə hədələmək siyasəti bir müddət işə yaradı. Artıq o da işə yaramır. Rusiyanı çox böyük məğlubiyyət və parçalanma gözləyir. Hesab edirəm ki, bu proses nə qədər uzun olsa da, biz bu nəticəni görə biləcəyik.

Şəbnəm Zahir