Etibar Məmmədov bəyanat yaydı

AMİP-in fəxri sədri, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Etibar Məmmədov Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı bəyanat yayıb.

Aznews.az həmin bəyanatı təqdim edir:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir ki, İranın rəsmi dairələri və kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir.

İstənilən ölkənin səfirliyi beynəlxalq qanunlara görə həmin ölkənin ərazisi hesab olunur, odur ki, səfirliyimizə hücum da Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilməlidir. Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır.

İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi inandırıcı deyil və o baxımdan da baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmalı İrandan izahat tələb olunmalıdır. İran ya ayrı-ayrı ölkə səfirliklərini qorumağa belə aciz olduğunu etiraf etməli, ya da açıq şəkildə düşmən dövlət olduğunu bəyan etməlidir.

Baş verənlər bir daha Güneydəki soydaşlarımızın molla rejiminə qarşı, fars-erməni birliyinə qarşı bir yumruq kimi birləşərək mübarizə aparmasını zəruri edir. Bu gün İran adlanan ölkədə Azərbaycanın haqqını və hüququnu qorumaq həm də orada yaşayan 40 milyonluq soydaşımızın vəzifəsi olmalıdır.

Səfirliyimizin qorunması zamanı şəhid olmuş Orxan Əsgərova Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm.