Rusiya Cənubi Qafqazda maraqlarının itirilməməsi üçün gücünü səfərbər edib - Politoloq

Bu gün Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov saytımıza danışdı.

O açıqlamasında bildirib ki, bu gün Moskvada keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair müddəalar, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məsələləri müzakirə olunacaq.

"Son dövrlər diplomatik sahədə Qərbin aktivliyi müşahidə olunur. Qərb çox çalışır ki, regionda öz maraqlarını təmin etsin. Bu xüsusda siyasi proseslərdə iştirak edir. Əlbəttə ki, Rusiyanın da regionda qalıcı maraqlarının müdafiəsi istiqamətində həmlələri geniş vüsət alıb. Məhz xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilən görüşdən sonra artıq ali səviyyədə görüşün keçirilməsi bir daha onu göstərir ki, Rusiyanın da bu ərazidə çox ciddi nüfuz etmək üçün rıçaqları formalaşdırılır”, - deyə politoloq əlavə edib.

İ. Hüseynov qeyd edib ki, bu gün bölgəni yaxından maraqlandıran fundamental məsələlər siyasi gündəliyi təşkil edəcək.

“Düşünürəm ki, hazır ki durumda Rusiya da Cənubi Qafqazda öz maraqlarının itirilməməsi üçün kifayət qədər gücünü səfərbər edib”.

Ayan Rzayeva