Peşə təhsili

Hörmətli oxucular, bu məqaləni bir ekspert olaraq deyil, ilk növbədə bir valideyn kimi qələmə almaq istədim. Çünki hər birimizin içində övladının sabahı üçün narahat olan bir ürək, onun düzgün seçim etməsini istəyən bir könül var. Və mən inanıram ki, bu gün biz peşə təhsili haqqında daha açıq, daha səmimi danışmalı, bu sahəyə qarşı olan köhnə yanaşmaları birlikdə qırmalıyıq.

Uşaqlığımızdan bəri bizə belə deyiblər: “Oxu, ali məktəbə gir, sonra yaxşı işin, yaxşı həyatın olacaq.” Bu düşüncə hələ də bir çox valideynin zehnində yaşayır. Amma dünya dəyişib, texnologiya dəyişib, əmək bazarı dəyişib. Artıq işəgötürənlər yalnız diplom axtarmır – bacarıq axtarır, peşəkarlıq axtarır. Peşə təhsili zəif oxuyanların yox, əlləriylə, zəhmətiylə dünyaya dəyər qatanların yoludur. Bu yol əslində daha tez ayaq üstə durmaq, daha tez müstəqil olmaq deməkdir. Çünki bu təhsili alan gənclər həm təcrübə qazanır, həm də əmək bazarında dərhal iş tapmaq imkanına malik olur. Məsələn, avtomobil ustası, elektrik, aşpaz, dizayner və ya proqramçı kimi peşələr bu gün hər bir cəmiyyətin dayaq sütunlarıdır.

Azərbaycanda 2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması planlaşdırılır. Bu, təkcə bir rəqəm deyil — bu, on minlərlə ailənin övladına sabaha dair bir yol göstərmək deməkdir. Hazırda yüksək texniki peşə təhsilinə 5982 tələbə cəlb olunub. 2024–2025-ci tədris ilində 2453 gənc bu pillədə təhsil almaq hüququ qazanıb. Daha da sevindirici hal odur ki, bu pillənin məzunlarının yarıdan çoxu ali təhsilə imtahansız keçid edib. Bu, biz valideynlər üçün həm iqtisadi, həm də emosional yükün azalması deməkdir.

Bundan əlavə, Qarabağ bölgəsində 8 yeni peşə təhsil müəssisəsinin qurulması planlaşdırılır. Bu müəssisələr bölgə gənclərinə öz doğma torpaqlarında işləmək, qurmaq və inkişaf etmək fürsəti verəcək. Bu, sadəcə təhsil deyil — həm də bərpa və dirçəlişin simvoludur. 2024/2025-ci tədris ilində dual peşə təhsil proqramına 1273 nəfər qəbul olunub. Bu proqram çərçivəsində tələbələr həm nəzəri biliklər alır, həm də real iş mühitində təcrübə qazanır. Bu rəqəm ötən illə müqayisədə 46% artıb ki, bu da ailələrin və gənclərin peşə təhsilinə artan inamını göstərir.

Dünyada isə bu sahə çoxdan önə çıxıb.

Almaniyada orta məktəbi bitirən şagirdlərin yarıdan çoxu peşə təhsilini seçir. Orada “dual təhsil modeli” – yəni həm oxu, həm işləmək prinsipi – gəncləri real həyatla daha tez tanış edir. İsveçrə, Finlandiya, Avstriya kimi ölkələrdə peşə təhsilini alanlar bir neçə ildən sonra menecer, rəhbər və sahibkar səviyyəsinə yüksəlirlər. Bu ölkələr sübut edib ki, praktiki bilik, bəzən diplomdan daha çox işə yarayır.

Bəs biz valideyn olaraq nə edə bilərik? Ən əvvəl övladımızı dinləməliyik. Onun maraqlarını, bacarıqlarını tanımalı və ona uyğun yol göstərməliyik. Biri həkim olar, biri mühəndis, biri isə peşəkar texnik, elektrik və ya mexanik. Hər yol dəyərlidir, hər yol hörmətə layiqdir. Biz övladlarımıza öz arzularımızı yox, onların potensialını həyata keçirmək üçün dəstək olmalıyıq.

Unutmayaq ki, peşə təhsili ikinci seçim deyil. Əksinə, ağıllı və məqsədli seçimdir. Əlində sənəti olan, heç vaxt ac qalmaz. Bu qədim atalar sözünü unutmadan, gələcək nəsillərə bacarıq və peşəkarlıq qazandırmaqla, həm onların şəxsi rifahına, həm də ölkəmizin davamlı inkişafına xidmət etmiş olarıq.

Günay ƏKBƏROVA,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi