“Rusiya ‘Tramp yolu'nda əsas oyunçu olmaq niyyətindədir” - Hikmət Babaoğlu

“Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Tramp yolu məsələsi ilə bağlı verdiyi açıqlama əlbəttə ki, bir mənalı qarşılanmamalıdır. Çünki açıqlamanın kontent analizi göstərir ki, Rusiya Tramp yolu adlandırılan Zəngəzur dəhlizinin açılmasında mütləq öz iştirakçılığını və imperativ rolunu görür. İmperativ iştirakçılıq odur ki, yol Rusiya Federasiyasının məqsədlərinə uyğun formada açıla bilər. Kopırkin qeyd edir ki, məsələ bu günə qədər yüksək səviyyəli dialoq çərçivəsində qaldırılmalıdır və Moskvanın müxtəlif səviyyələrdə səslənən fundamental mövqeyi nəzərə alınmalıdır. Fundamental mövqe ifadəsinin sətraltı məzmunu isə ondan ibarətdir ki, 2025-ci il 8 avqustdan sonra Tramp yolu termini gündəmə gəldikdən bu günə qədər Rusiya səviyyələrində müxtəlif məmurların dilindən dəfələrlə bildirilmişdir ki, Qafqazda daimi və real sülh yalnız üçtərəfli bəyanatların öhdəliklərinin həyata keçirilməsi ilə mümkündür. Bax, burada Kopırkinin düşüncələrinin mahiyyəti ortaya çıxır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” məsələsi müzakirə olunur. O qeyd edib ki, bu mövzu yalnız ABŞ ilə məhdudlaşmır və regionda real sülhün təmin olunması üçün yüksək səviyyəli dialoqda əksini tapmalıdır. Kopirkin əlavə edib ki, “Tramp yolu” marşrutunun əməliyyat detalları və mexanizmləri barədə daha konkret məlumat gözlənilir; əvvəlcə bunun nə olduğu aydınlaşdırılmalıdır.

Deputat bildirib ki, bu, göstərir ki, Rusiya hələ də heç bir tərəfin imtina etmədiyi 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizində ona tanınan təhlükəsizlik səlahiyyətlərini yenidən öz üzərinə götürməkdə israr edəcək.

"Yəni, dəhlizə Rusiya nəzarət etmək istəyir. Kopırkinin diplomatik terminlər altında ifadə etdiyi fikir məhz bundan ibarətdir. Dolayısı ilə, bu deməkdir ki, Rusiya Zəngəzur dəhlizi uğrunda müxtəlif formada və metodlarla rəqabət aparacaq. Lakin bunun nə dərəcədə uğurlu olub-olmaması Ermənistanın davranışlarından və 2026-cı ildə keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq. Buna görə də Paşinyan seçkilərə ciddi hazırlaşmalı və regionda sülh istəyən qüvvələr prosesi sülhün lehinə idarə etməyə bacarmalıdır. ABŞ, “Tramp yolunun” müəllifi olan ABŞ administrasiyası, eləcə də Ermənistanda sülh istəyən elektorat və onların Paşinyana dəstəyi burada önəmlidir. Əgər belə olacaqsa, 2026-cı ilin iyun seçkilərindən sonra Ermənistan yeni mərhələyə qədəm qoyacaq və fərqli bir reallıqla üz-üzə qalacaq. Əks halda, seçkilərin nəticəsi fərqli olsa, region tamamilə başqa reallıqlarla üzləşəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az