- Müsahibə
- 27 Oktyabr 20:52
- 2 122
Azərbaycanda yeni psixoloji istiqamət: Satirik psixologiya - Psixoloq Dilbər Bəhmənli ilə müsahibə
"Satirik psixologiya fərdlərin və kütlələrin davranışlarını, sosial və mənəvi ziddiyyətləri yumor və ironiyanın dili ilə göstərən tənqidi psixoloji maarifləndirmə üsuludur".
Cəmiyyətin davranış ziddiyyətlərini yumor və ironiyanın dili ilə təhlil edən yeni yanaşma - “Satirik psixologiya” anlayışı psixoloq Dilbər Bəhmənlinin psixologiya elminə gətirdiyi yenilikçi baxış kimi diqqət çəkir. Aznews.az olaraq Dilbər Bəhmənli ilə söhbətimizdə bu anlayışın mahiyyəti, məqsədi və cəmiyyətə təsir imkanları barədə danışdıq:
Dilbər xanım, siz “Satirik psixologiya” anlayışını psixologiya elminə yeni termin kimi təklif etmisiniz. Bu anlayış nəyə əsaslanır və necə formalaşdı?
– Uzun illər həm fərdi, həm də sosial səviyyədə insan davranışlarını müşahidə edərkən gördüm ki, biz çox zaman problemlərə ya emosional, ya da ittihamedici tonda yanaşırıq. Halbuki bəzən ən dərin həqiqətləri insanlara çatdırmağın ən təsirli yolu yumoristik və ironik şəkildə tənqiddir. "Satirik psixologiya” məhz bu baxışdan doğub. Bu anlayış cəmiyyətin və fərdlərin davranış ziddiyyətlərini satiranın dili ilə göstərərək psixoloji təfəkkürü oyandırmaq və maarifləndirmək məqsədi daşıyır. Yəni məqsəd insanları düşünməyə dəvət etməkdir.
Siz “Satirik psixologiya”nı cəmiyyətin hansı problemlərinə işıq salmaq üçün daha təsirli hesab edirsiniz?
– Ən çox təkrar olunan sosial paradokslara. Məsələn, insan bəzən dəyərlərdən danışır, amma gündəlik həyatında həmin dəyərlərin əksinə davranır. Və yaxud cəmiyyət bəzən bir şeyi mənəvi norma kimi təqdim edir, amma içində başqa reallıq yaşayır. Bu ziddiyyətləri birbaşa tənqid etmək çox vaxt psixoloji müqavimət yaradır. Amma ironik yanaşma insanı düşünməyə vadar edir, çünki gülərkən müdafiə olunur, amma içində bir “Doğrudur axı” hissi qalır. Bu mənada satirik psixologiya həm fərdi, həm də kollektiv şüurun oyanmasına xidmət edir.
Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında satiranın ustadıdır. Onun yaradıcılığı ilə sizin “Satirik psixologiya” anlayışınız arasında hansı əlaqəni görürsünüz?
– Sabir mənim üçün təkcə ədəbi xadim deyil, insan psixologiyasının böyük müşahidəçisidir. O, insan davranışlarını, sosial riyakarlığı, mənəvi paradoksları o qədər kəskin psixoloji baxışla göstərib ki, əslində, o dövr üçün “Satirik psixologiyanın” banilərindən biri saymaq olar. Sabir insanın iç dünyasındakı ziddiyyətləri gülüş vasitəsilə açırdı, amma bu gülüş təkcə əyləndirmir, analitik təfəkkür də yaradırdı. Mənim təqdim etdiyim anlayış da bu xəttin müasir davamı kimi düşünülə bilər. Sadəcə, bu gün biz həmin yanaşmanı psixologiya elminə tətbiq etməyin zəruriliyini düşünürəm.
Satirik psixologiya hansı məqsədə xidmət edir?
– Əsas məqsəd cəmiyyətdə psixoloji düşüncə mədəniyyətini formalaşdırmaqdır. İnsanları gülmək üçün yox, anlamaq üçün gülməyə çağırır. Yəni biz özümüzə, münasibətlərimizə, sosial davranışlarımıza bir az kənardan baxmağı öyrənirik. Bəzən bir cəmiyyətin dəyişməsi üçün ağır tənqid yox, bir səmimi ironik tənqid kifayət edir, çünki gülüş həm təfəkkürün, həm də azadlığın əlamətidir.
Gələcəkdə “Satirik psixologiya”nın inkişafı ilə bağlı planlarınız nələrdir?
– Hal-hazırda bu anlayışı izah edən və müxtəlif sosial situasiyalar üzərindən nümunələrlə açıqlayan kitab üzərində işləyirəm. Məqsəd bu termin vasitəsilə həm psixoloji maarifləndirməyə yeni nəfəs gətirmək, həm də insanlara özlərini və kütlələri fərqli bir baxışla anlamaq fürsəti yaratmaqdır.
Sonda oxucularımıza nə demək istərdiniz?
– Mən arzulayıram ki, biz özümüzə də bir az gülə bilək. Gülmək özgüvənsizlik deyil, dərin özünüdərkin təzahürüdür. “Satirik psixologiya” bizi qorxmadan düşünməyə, öz davranışlarımızdakı ziddiyyətləri görməyə çağırır. Ciddi olmaq çox asandır, amma ağıllı şəkildə gülmək həm cəsarət, həm də müdriklik tələb edir. Necə deyərlər insanın nəyə güldüyü onun xarakterindən xəbər verir.
AzNews.az