- Paytaxt
- 17:00
- 1 370
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Aznews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdi.
Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.
İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib.
Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır.
Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, Azərbaycanın paytaxtı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir. İnsanların sıx olduğu yerlərdə belə layihələrin icrası, eyni zamanda, son dövrlərdə həyata keçirilən şəhərsalmayönümlü planlaşdırmaya da töhfə verir. Beləliklə, paytaxtın davamlı inkişaf strategiyasının mühüm elementi olan bu addımlar Bakının həm müasir, həm də piyadalar üçün rahat şəhər kimi inkişafında xüsusi rol oynayır.
AzNews.az