- Üçüncü sektor
- 19:53
- 2 589
QHT-lərlə bağlı qaydalar təsdiq olundu
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanı ilə 15 dövlət qurumu - 9 Nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və digər 6 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi) tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsinə dair qərar verilib.
Bundan irəli gələrək Nazirlər Kabinetinə qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı müəyyənləşdirmək tapşırılmışdı. Ötən dövr ərzində qaydanın hazırlanması üzərində ciddi iş aparılıb, dövlət qurumları ilə silsilə kollegial müzakirələr keçirilib, müvafiq rəy və təkliflər nəzərə alınıb.
2026-cı il iyunun 22-də Nazirlər Kabineti bu qaydanı 188 nömrəli qərarla təsdiq edib. QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda əsasında işə düşən yeni mexanizm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15 dövlət qurumu ilə sıx koordinasiyada QHT-lərin maliyyələşdirilməsinə dair vahid databaza formalaşdırmasına, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü, ölçüləbilən olmasına, bu istiqamətdə milli prioritetlərə uyğun mövzuların dövlət qurumları arasında vaxtında və düzgün bölüşdürülməsinə, işlərin sistemli və ardıcıl şəkildə planlaşdırılmasına xidmət edəcək.
Prezident İlham Əliyevin tapşırığı ilə prosesin “bir pəncərə” prinsipi əsasında aparılması dövlət qurumlarının QHT-lərlə iş sahəsində fəaliyyətinin sistemləşdirilməsi mahiyyətli olmaqla, bu sahədə fundamental dəyişikliklərə səbəb olacaq köklü islahatdır.
Yeni qaydalar üzrə qrant məbləğləri artırılıb və müvafiq hədlər müəyyənləşdirilib:
- “Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30 000 manat;
- “Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30 000 manat.
“Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi hər bir müsabiqə üzrə QHT Agentliyi tərəfindən, donor qurumlara münasibətdə isə müvafiq donor qurum və ya qurumlarla birlikdə müəyyən edilir və müsabiqə elanında açıqlanır.
“Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15 000 manatdır.
Layihələrin ekspertiza meyarları da gücləndirilib. Bundan sonra ekspert qrupu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq məsələlərinə, layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəsini də ayrıca dəyərləndirəcək.
***
Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, qərarın məqsədi QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin edilməsidir.
Qərarla həmçinin QHT-lərin kiçik qrant, böyük qrant və səfər qrantı müsabiqələri, dövlət sifarişləri və müsabiqədənkənar maliyyələşdirilməsi üzrə prosedurlar, layihələrin qiymətləndirilməsi meyarları, maliyyələşdirmə şərtləri və nəzarət mexanizmləri müəyyən edilib.