- Müşahidə məntəqəsi
- 21:05
- 1 083
“İmtahanlar vahid formatda birləşdirilməli və sadələşdirilməlidir” – Ramin Nurəliyev
"Ümumiyyətlə, unutmamaq lazımdır ki, orta ümumi təhsil məktəblərində tədris prosesini tənzimləyən qurum Elm və Təhsil Nazirliyidir. İmtahanları təşkil edən qurum isə Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını mart ayında keçirməyə üstünlük verir ki, bunu mən əvvəlki çıxışlarımda da qeyd etmişəm. Mart ayı buraxılış imtahanları üçün o qədər də əlverişli dövr hesab olunmur. Dünyanın çox az ölkəsində imtahanlar bu vaxtda keçirilir. Mənim araşdırmalarıma əsasən, əksər ölkələrdə imtahanlar aprel-may aylarında, bəzilərində isə iyunda təşkil olunur. Lakin Azərbaycanda imtahanların çoxluğu və yoxlama prosesinin 4–6, bəzən isə 7 həftəyə qədər uzanması səbəbindən tarixlərin daha erkənə çəkilməsi zərurəti yaranır. Əgər buraxılış imtahanları, məsələn, may ayında keçirilsə, digər imtahanlarla ciddi toqquşma yaranar. Çünki bu dövrdə həm 9-cu və 11-ci siniflərin buraxılış imtahanları, həm blok imtahanları, həm də qabiliyyət və dövlət dili imtahanları təşkil olunur. Üstəlik, blok imtahanlarının birinci və ikinci cəhdləri də bu sıxlığı artırır. Bu isə qaçılmaz olaraq müəyyən problemlərə səbəb olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanın orta təhsil sisteminin qısa olmasını tənqid edərək bildirib ki, buraxılış imtahanlarının erkən keçirilməsi yuxarı sinif şagirdlərinin dərsdən uzaqlaşmasına səbəb olur. Onun fikrincə, imtahanların proqram tamamlanmadan təşkili həm metodoloji baxımdan yanlışdır, həm də məktəbin funksiyasını zəiflədir. Əliyev vurğulayır ki, dərs müddətinin azlığı və məktəb nizamının pozulması funksional savadsızlıq riskini artırır və şagirdlərin məktəbə marağını azaldır.
Ekspert bildirib ki, mövcud şəraitdə buraxılış imtahanlarının mart ayından sonrakı dövrlərə keçirilməsi çətin görünür.
"Yalnız imtahanlar tam elektron formata keçirilərsə və nəticələr daha qısa müddətdə açıqlanarsa, müəyyən dəyişikliklər mümkün ola bilər. Bununla belə, mart ayında keçirilən buraxılış imtahanlarının mənfi təsirləri də var. İmtahandan sonra aprel-may aylarında təxminən iki-iki ay yarımlıq bir dövr yaranır ki, bu müddətdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti və məsuliyyəti azalır, motivasiya zəifləyir. Bu, artıq müşahidə olunan real problemdir. Hesab edirəm ki, bu problemi həll etmək üçün imtahan sistemi sadələşdirilməlidir. Buraxılış və blok imtahanlarının ayrı-ayrı keçirilməsinə ehtiyac yoxdur. İmtahanlar vahid formatda təşkil edilə bilər. İki cəhd imkanı saxlanılmaqla, imtahanlar əsas fənlər üzrə qurulmalıdır. Məsələn, riyaziyyat bütün ixtisas qrupları üçün baza fənn kimi tətbiq oluna bilər. Digər fənlər isə ixtisaslara uyğun şəkildə seçilə bilər. Birinci ixtisas qrupunda xarici dil əsas fənn kimi götürülə bilər və əlavə olaraq fizika, kimya və ya informatika fənlərindən biri seçilə bilər. İkinci ixtisas qrupunda Azərbaycan coğrafiyası və Azərbaycan tarixi fənlərinin daxil edilməsi məqsədəuyğun hesab olunur. Üçüncü ixtisas qrupunda Azərbaycan tarixi ilə yanaşı, coğrafiya və ya xarici dil fənlərindən biri tətbiq oluna bilər. Dördüncü ixtisas qrupunda isə əsasən kimya və biologiya fənləri nəzərdə tutulur. Beşinci ixtisas qrupunda riyaziyyat və Azərbaycan dili əsas götürülə bilər, zərurət yaranarsa xarici dil fənni də əlavə edilə bilər. Ümumilikdə hesab edirəm ki, qəbul prosesi üçün 4 fənn yetərlidir. Fənlərin sayını artırmaqla əlavə çətinliklər yaratmağa ehtiyac yoxdur. Eyni zamanda, ildə iki dəfə – məsələn, iyun və iyul aylarında – imtahanların keçirilməsi ilə qəbul prosesini daha rahat şəkildə yekunlaşdırmaq olar. Buraxılış və blok imtahanlarının ayrılması isə, məncə, artıqdır. Bu yanaşma beynəlxalq təcrübəyə də uyğundur. Bir çox inkişaf etmiş ölkələrdə imtahan prosedurları sadələşdirilir. Bizdə isə əksinə, proses daha da mürəkkəbləşdirilir. Halbuki, imtahan sistemi sadə, əlçatan və effektiv olmalıdır. Universitetə qəbul prosesi və suallar da mümkün qədər sadələşdirilməli, həddindən artıq çətin və qəliz tapşırıqlardan uzaq durulmalıdır. Bu, mənim şəxsi mövqeyimdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az