“Sensasiya və klik dalınca qaçmaq jurnalistika deyil, məsuliyyətsizlikdir” – Azər Həsrət

"Hər şeydən əvvəl bu, etik məsələdir, media etikası məsələsidir. Təəssüflər olsun ki, mediada çalışanların, hətta çəkinmədən demək olar ki, böyük əksəriyyəti media etikasını arxa plana keçirir, həddini bilmədən yazır və danışır. Nəticədə isə biz çox bərbad bir vəziyyətlə üz-üzə qalırıq. Jurnalistika nədir? Jurnalistika hər şeydən öncə məsuliyyətdir. Dəqiqlikdir, vicdanlılıqdır. Bunu bacarmayan insanların jurnalistikada işi olmamalıdır. Üstəlik, jurnalistika empatiya qurmaq bacarığıdır. Yəni bir hadisə baş veribsə, onun haqqında informasiya, şərh və təhlil verərkən jurnalist özünü həmin hadisənin subyektlərinin yerinə qoymağı bacarmalıdır. Elə hadisələr ola bilər ki, xüsusilə son günlərdə gördüyümüz kimi, yeniyetmə və gəncin başına gələn qazdan boğulma hadisəsi kimi məqamlarda ad çəkmək, yer göstərmək və əlavə işarələr vermək doğru olmur. Amma təəssüf ki, biz görürük ki, mediada bu cür məsələlərdə nə çəkingənlik var, nə də təmkin".

Bu fikirləri Aznews.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

Qeyd edək ki, son dövrlərdə mediada yayılan bəzi xəbərlərin təqdimat forması cəmiyyət daxilində ciddi müzakirələrə səbəb olur. Xüsusilə həssas mövzularla bağlı başlıqların seçimi, istifadə olunan ifadələr və vurğular informasiya verməkdən daha çox ictimai rəyə təsir etməyə yönəlmiş kimi görünür. Bu isə həm etik jurnalistika prinsipləri, həm də sosial məsuliyyət baxımından suallar doğurur. Müşahidələr göstərir ki, bəzi hallarda hadisənin mahiyyəti arxa planda qalır, diqqət isə yaş, cins və ya emosional detallara yönəldilir. Nəticədə cəmiyyətdə yanlış qənaətlər formalaşır, qurbanın günahlandırılması kimi təhlükəli tendensiyalar güclənir. Bu kontekstdə media dilinin və başlıqların necə qurulması məsələsi təkcə peşəkar standartlar deyil, eyni zamanda ictimai şüurun formalaşması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Ekspert qeyd edib ki, bu vəziyyət ondan qaynaqlanır ki, media sahəsində çalışanların böyük əksəriyyəti media etikasından kifayət qədər xəbərsizdir.

"Sensasiya dalınca qaçırlar, klik dalınca qaçırlar ki, saytımız daha çox oxunsun, daha çox tıklansın. Nəticə də göz önündədir: çox bərbad, qəbuledilməz bir vəziyyət yaranıb. Bu, artıq jurnalistika deyil. Bu, insanların hissləri ilə oynamaqdır. Bu, məsuliyyətsizlikdir. Bu, media etikasını tamamilə heçə saymaqdır. Bunun başqa adı yoxdur. Sistem problemi, yoxsa redaksiya seçimi məsələsinə gəldikdə isə, mən bunu sistem problemi kimi dəyərləndirərdim. Çünki ümumilikdə media sahəsində kütləvi şəkildə bu hallar müşahidə olunursa, bu artıq sistem problemidir. Media sahəsinə cavabdeh olan qurumlar, Media Agentliyi, mənim də İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası, eləcə də ayrı-ayrı jurnalist təşkilatları bir araya gələrək bu məsələləri mütəmadi şəkildə müzakirə etməlidirlər. Mənim yadımdadır, illər öncə biz həm jurnalist təşkilatının rəhbəri kimi, həm Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi, həm də beynəlxalq qurumların təmsilçisi olaraq bu cür tədbirləri çox keçirirdik. Jurnalistlərlə təlimlər, seminarlar təşkil olunurdu, görüşlər keçirilirdi, hətta qeyri-rəsmi formatda da görüşlər olurdu. Şam yeməklərində, naharlarda, yubiley tədbirlərində jurnalistlərlə birlikdə oturur, bu kimi məsələləri açıq şəkildə, üz-üzə müzakirə edirdik. O dövrdə yetişən jurnalistlər bu gün də öz qələmi və sözü ilə seçilən, etikaya sadiq, məsuliyyətli jurnalistlərdir. Amma indi bu cür görüşlərin, təlimlərin, seminarların əvvəlki qədər intensiv keçirildiyini müşahidə etmirik. Bunun nəticəsində jurnalistikaya yeni başlayan və ya müəyyən təcrübəsi olan bəzi şəxslər öz sərhədlərini itirir, jurnalist adının verdiyi üstünlükdən sui-istifadə edirlər. Daha çox tanınmaq və görünmək üçün həddən artıq paylaşımlar, qeyri-peşəkar materiallar hazırlayırlar. Bu da sistem problemidir. Bəzən deyirlər ki, biz oxucu tələbatına uyğunlaşırıq. Amma mən həmişə demişəm ki, oxucunu, tamaşaçını, dinləyicini biz özümüz formalaşdırırıq. Biz elə keyfiyyətli, məsuliyyətli jurnalistika məhsulu təqdim etməliyik ki, oxucu həmin səviyyəyə uyğunlaşsın və onu izləsin. Məsələn, başlıqlarda “şok”, “dəhşət” kimi ifadələrdən həddindən artıq istifadə olunmamalıdır. Bu, jurnalistika deyil. Yaxud sual formasında verilən başlıqlar — mən bir çox media qurumlarında görürəm ki, demək olar hər materialda sual başlıqları var. Əgər sən başlığa çıxardığın məsələdə özün əmin deyilsənsə, bunu oxucuya niyə təqdim edirsən? Jurnalistika sual başlıqları ilə keyfiyyət qazana bilməz. Ona görə də düşünürəm ki, keyfiyyət məsələsi yenidən gündəmə gətirilməlidir. Bu istiqamətdə ciddi iş aparılmalıdır. Peşəkarlar, xüsusilə gənc jurnalistlərlə daha tez-tez görüşlər keçirilməlidir. Eyni zamanda, universitetlərin jurnalistika fakültələrində təcrübəli mütəxəssislərlə görüşlər mütəmadi təşkil olunmalıdır. Təəssüf ki, bu sahədə də boşluqlar az deyil. Demək istədiyim odur ki, oxucular əslində bizdən sensasiya tələb etmir. Biz sadəcə oxucunu formalaşdırırıq, onu yönləndiririk və müəyyən bir çərçivəyə salırıq. Daha sonra isə deyirik ki, bunu oxucu tələb edir. Bu yanaşma doğru deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az