​“İqlim dəyişikliyi artıq resurs təhlükəsizliyinə təsir edən qlobal risk amilidir” – Sadiq Həsənov

"İqlim dəyişikliyi artıq təkcə ekoloji məsələ kimi deyil, həm də resurs təhlükəsizliyinə birbaşa təsir edən qlobal risk amili kimi qiymətləndirilir. Bu kontekstdə “iqlim müharibələri” ifadəsi elmi baxımdan dəqiq termin sayılmır; daha doğru yanaşma resurslar, xüsusilə su və enerji ehtiyatları üzərində yarana biləcək gərginliklərdən danışmaqdır. Hazırda dünyanın müxtəlif regionlarında resursların idarə olunması və bölgüsü ilə bağlı siyasi və iqtisadi gərginliklər müşahidə olunur. Bu proseslərə Ukrayna, İran, Venesuela və digər ölkələrdə mövcud olan mürəkkəb geosiyasi və iqtisadi situasiyalar da daxildir. Lakin bu halları birbaşa “resurs müharibəsi” kimi izah etmək sadələşdirilmiş yanaşma olardı; çünki burada siyasi, təhlükəsizlik və regional faktorlar da mühüm rol oynayır".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, iqlim dəyişiklikləri getdikcə daha geniş miqyas alaraq yalnız ətraf mühitə deyil, həm də dövlətlərin təhlükəsizlik sistemlərinə təsir göstərən qlobal problemə çevrilir. Quraqlıq, su ehtiyatlarının azalması və kəskin hava hadisələri müxtəlif bölgələrdə resurslar uğrunda rəqabəti artırır. Bu proses içməli su kimi strateji ehtiyatların əhəmiyyətini daha da yüksəldir və iqlim səbəbli miqrasiyaların çoxalmasına gətirib çıxarır. Nəticədə geosiyasi sabitlik üzərində əlavə təzyiqlər yaranır. Ekspertlər bu tendensiyanı gələcəkdə təhlükəsizlik risklərini daha da dərinləşdirən faktor kimi qiymətləndirirlər.

Ekoloq qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində su ehtiyatlarının azalması riski xüsusilə həssas regionlarda daha qabarıq şəkildə özünü göstərir.

"Afrika qitəsi, Cənubi Asiya (Hindistan və Pakistan), eləcə də su resursları məhdud olan Yaxın Şərq ölkələri bu baxımdan risk zonasına daxildir. Bu ərazilərdə artan əhali, urbanizasiya və iqlim dəyişiklikləri suya olan təzyiqi daha da gücləndirir. Transsərhəd su hövzələri də xüsusi diqqət tələb edən sahələrdəndir. Orta Asiyada Amudərya və Sırdərya çayları hövzəsində yerləşən ölkələr — Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan — su ehtiyatlarının bölüşdürülməsi baxımından qarşılıqlı asılı vəziyyətdədir. Bu sahədə idarəetmə və razılaşdırma mexanizmlərinin zəifliyi gələcəkdə gərginlik risklərini artıra bilər. Ümumilikdə, su və digər təbii resurslar həyat üçün əsas şərtlərdən biridir. Dünya əhalisinin sürətli artımı isə mövcud resurslara təzyiqi artırır. Bu baxımdan uzunmüddətli perspektivdə resurs idarəçiliyinin səmərəliliyi və beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bununla belə, resurs qıtlığının avtomatik olaraq münaqişələrə və ya “labüd müharibələrə” gətirib çıxaracağı qənaəti elmi cəhətdən düzgün hesab edilmir. Bu, daha çox risk ssenarisi kimi dəyərləndirilir və qarşısı alınması mümkün olan bir prosesdir. Eyni zamanda, iqlim dəyişikliklərinin yumşaldılması üçün karbon emissiyalarının azaldılması və yanacaq istehlakının optimallaşdırılması mühüm istiqamətlərdəndir. Bu addımlar qlobal istiləşmənin sürətini azalda, buzlaqların əriməsi və su dövriyyəsinin pozulması kimi fəsadları minimuma endirə bilər. Azərbaycan da bu baxımdan su resursları üzrə həssas ölkələrdən biridir. Ölkənin su ehtiyatlarının bir hissəsi transsərhəd mənbələrdən asılıdır. Buna görə də regionda su idarəçiliyi və qonşu ölkələrlə əməkdaşlıq Azərbaycanın su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az