Mehdiyevin Rusiyaya məktubuna bir İlham Əliyev tərəfdarının ən qısa cavabı

APA agentliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı və Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olmayan bir qurumun yaradılmasından bəhs edən məktub yayımlayıb.

Əvvəla, Konstitusiyaya görə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

İkincisi, Konstitusiyaya görə, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Üçüncüsü, Konstitusiyaya görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Dördüncüsü, Konstitusiyaya görə, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

Beşincisi, Konstitusiyaya görə, Vətənə sədaqət müqəddəsdir.

APA-nın yaydığı bu məktub bir daha təsdiq edir ki, Dövlətə, Suverenliyə, Konstitusiyaya xəyanət qarşısında Vətənə müqəddəs sədaqətimiz- birbaşa və şəxsən Prezident İlham Əliyevə sədaqət deməkdir.

İsmindən, tutduğu vəzifədən, ictimai-siyasi statusundan asılı olmayaraq bu müqəddəs missiyaya nəinki xəyanət edənləri, hətta cüzi xələl gətirənləri belə toplum yekdil bir şəkildə Azərbaycan Respublikasının varlığına və tərəqqisinə qəsd etmiş saymalıdır və sayır.

İlham Əliyev həm Azərbaycan Respublikasının prezidenti, həm də hər bir Azərbaycanlının lideridir.

Ölkəmizdə siyasi sabitliyi pozmağı, konstitutsion quruluşu zorla və xarici dəstəklə dəyişməyi arzu edənlər, xalqımızın çoxəsrlik mübarizəsinin tarixi nailiyyəti olan dövlət müstəqilliyini vassal psixologiyasına söykənən siyasi ambisiyalarına qurban verməyə hazır olanlar bilməli idilər, bilməlidirlər və bilsinlər ki, içi mən qarışıq bu ölkədə yüz minlərlə Azərbaycan oğlu öz ardıcıl və sistemli fəaliyyəti ilə öz şəxsiyyətini milli maraqlarımızla identifikasiya etmiş İlham Əliyevi canı bahasına müdafiə etməyə hazırdırlar və qabildirlər.

Taleh ŞAHSUVARLI