“Prezidentlər arasındakı dialoq strateji əməkdaşlığın təsdiqidir” - Aytən Qurbanova

“Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə telefonla zəng etməsi iki ölkə arasında siyasi dialoqun ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Bu telefon danışığı yalnız son aylarda müşahidə olunan diplomatik fəallığın davamı deyil, həm də Azərbaycan–Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iki ölkə arasında ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edib. Telefon danışığında dövlət başçıları iqtisadi-ticarət əlaqələrinin daha da gücləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərinə dair maraqlarını təsdiqləyiblər. Həmçinin, regional əməkdaşlığın müxtəlif aspektləri və beynəlxalq vəziyyət müzakirə olunub, gələcəkdə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Siyasi şərhçi bildirib ki, Azərbaycan üçün əsas prioritet milli maraqlara uyğun, praqmatik və balanslaşdırılmış xarici siyasətin davam etdirilməsidir.

"Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticarət əlaqələrinin inkişafı, enerji və nəqliyyat-logistika sahəsində birgə layihələrin həyata keçirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar. Nəticə etibarilə, Prezidentlər arasında keçirilmiş bu dialoq yalnız Azərbaycan–Rusiya münasibətlərinin strateji xarakterini təsdiqləmir, eyni zamanda əməkdaşlığın yeni formatda bərpası, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraqların qorunması baxımından önəmli siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu cür müntəzəm və ardıcıl əlaqələr, hər iki dövlət üçün regionda stabillik, təhlükəsizlik və inkişafın təmin edilməsinə yönəlmiş mühüm diplomatik addımların əsasını təşkil edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az