- Yazarlar
- 00:54
- 3 002
Paşinyan - Qaregin davası
Son illər Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında gərginlik açıq siyasi xarakter alıb. Bu qarşıdurma təkcə dini müstəvidə deyil, həm də dövlətin modernləşməsi ilə ənənəvi milli-dini institutlar arasında toqquşmadır.
1991 - ci ildə Ermənistanın müstəqillik əldə etnəsindən sonra son iki əsrdə davam edən kilsənin cəmiyyətdə dominantlığı davam etmiş, və dini institut “dövlət içində dövlət” funksiyasına sahib olub.
Bu gün kilsə müxalif qüvvələrə- xüsusilə keçmiş hakimiyyət elitlərinə - simpatiya bəsləyir və Paşinyanın islahat kursuna qarşı ideoloji mərkəz rolunu oynayır.
Paşinyan üçün kilsə siyasi rəqib və ideoloji baryer sayılır.
Bunun bir neçə səbəbi var:
-Kilsə dövlət işlərinə qarışır, hökumətin qərarlarını açıq şəkildə tənqid edir;
-Türkiyə və Azərbaycanla normallaşma prosesi kilsə tərəfindən kəskin şəkildə rədd olunur;
Yeni Konstitusiya layihəsi isə dini-siyasi dualizmi aradan qaldırmaq, Ermənistanı sivil, dünyəvi dövlətə çevirmək məqsədi daşıyır.
Hazırkı Konstitusiyada Apostol Kilsəsinə xüsusi hüquqi status verilib. Bu status hökumətin dini sahədə qərarvermə imkanlarını məhdudlaşdırır.
Paşinyanın təşəbbüs etdiyi dəyişikliklər sadəcə hüquqi islahat deyil, həm də ideoloji dönüşdür:
-Dövlət və kilsə münasibətlərində tarixi asılılığı qırmaq;
-Yeni, vətəndaş əsaslı legitimlik formalaşdırmaq;
-Ermənistanı dünyəvi modelə uyğunlaşdırmaq.
Paşinyan düzdür mü? Bəli. Çünki, müasir Ermənistan Apostol Kilsəsi artıq dini mərkəz olmaqdan çıxıb, maliyyə və siyasi korporasiyaya çevrilib. Keçmiş hakim elitalar və diaspor dairələri ilə sıx bağlı olan bu struktur xeyriyyə adı altında milyonlarla dollar ianələri “erməni kimliyini qorumaq” kimi şüarlarla toplayır.
Kilsə və ona bağlı ideoloji çevrələr onilliklərdir Türkiyə və Azərbaycandan gələn təhlükə mifini qəsdən diri saxlayır.
Bu, iki məqsədə xidmət edir:
-xalqı qorxu içində saxlayaraq siyasi nəzarəti gücləndirmək;
-diasporadan maliyyə axınını təmin etmək.
Beləliklə, “düşmən obrazı” kilsənin iqtisadi və ideoloji dayağına çevrilib. Düşmən olmayanda nə milli birləşmə, nə də ianə axını qalır.
Erməni mətbuatı dəfələrlə kilsə rəhbərliyindəki korrupsiya halları, papaqaltı ianələr, lüks həyat tərzi barədə yazıb.
Katolikos II Qaregin kilsəni şəxsi təsir piramidasına çevirib – burada vəzifə və resurslar xidmətdən yox, sədaqətdən asılıdır.
Bu, kilsəni mənəvi nüfuzdan məhrum edib, onu dini libasda siyasi və iqtisadi struktur halına salıb.
Kilsənin Paşinyanın Konstitusiya islahatlarına qarşı çıxmasının əsas səbəbləri bunlardır:
- Xüsusi statusu itirsə, nə siyasi səlahiyyət, nə də maliyyə imtiyazları qalacaq;
- Türkiyə və Azərbaycanla normallaşma prosesi “milli təhlükə” ideyasını məhv edəcək;
- Yeni Konstitusiya kilsəni milli kimliyin inhisarından məhrum edəcək.
Bu səbəbdən kilsə imanı deyil, imtiyazı qorumağa çalışır.
Ermənistan Apostol Kilsəsi bu gün korrupsiyaya bulaşmış və manipulyativ sistem kimi çıxış edir.
Onun əsas məqsədi xalqı inanc altında idarə etmək, düşmən obrazı üzərindən maliyyə və siyasi güc toplamaqdır.
Belə bir strukturdan azad olmaq- Ermənistan cəmiyyətinin mənəvi və siyasi azadlığı üçün zəruri addımdır.
Zaur MƏMMƏDOV