Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil - Ekspert

Son zamanlar Qərblə Rusiya arasında olan münasibətlər fonunda Qafqazda münaqişə ocaqlarının aktivləşəcəyi barədə bəyanatların verilməsi gözləniləndir. Rusiyanın ətrafında müxtəlif bölgələrdə hərbi əməliyyatların alovlanmasının mümkünlüyü ilə bağlı bəyanatlar verilir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş bəyanat da bu qəbildəndir.


AzNews.az xəbər verir ki, bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert bildirib ki, lakin bu barədə düşünməyə əsas da var: "Keçən il Dağlıq Qarabağ və sərhəd bölgəsində çoxlu hərbi hadisələr olmuşdu. Bu bölgədə hərbi fəaliyyətlər aktivləşmişdi. ABŞ rəsmisinin bölgədə müharibə ocağının aktivləşməsi ilə bağlı mövqeyini iki mənada qiymətləndirirəm. Birincisi, Rusiyanın hakim dairələrinin diqqətini Dağlıq Qarabağda müharibə ola biləcəyinə yönəltməkdir. İkincisi, münaqişə doğrudan da hər an alovlana bilər. Bunu əngəlləyən bir maneə yoxdur. Çünki danışıqlar prosesi fayda vermir, Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil, satus-kvonu Azərbaycan qəbul etmir. Əslində, dünyanın siyasi dairələri də status-kvonu qəbul etmir. Hətta Minsk qrupunun həmsədrləri də status-kvoya qarşı çıxış edirlər. Amma AŞPA-dakı son müzakirələr zamanı onlar faktiki olaraq status-kvoya səs verdilər. Belə bir situasiyada ABŞ rəsmisinin belə bəyanat verməsi gözləniləndir".


E.Ələsgərov həmçinin qeyd edib ki, ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor" Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli "Odundağ" yüksəkliyində nəzarəti əldə etməsindən yazdı: "Silahlı Qüvvələrimiz həmin ərazidə mövqelərini möhkəmləndirdi, qurğular qurdu. Bununla da, İcevan yolu Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam nəzarətə götürülür. Bu, ermənilərdə çox qısqanclıq yaratdı. Reallıq odur ki, ABŞ bu məsələyə kifayət qədər ciddi diqqət ayırdı. Və təbii ki, Dağlıq Qarabağın ətrafında olan bütün hərbi hadisələr, atəşkəs rejiminin pozulması, ümumiyyətlə, hərbi balans, real situasiya ABŞ-ın diqqət mərkəzindədir".

Qeyd edək ki, ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda Azərbaycan və Ermənistan arasındakı gərginliyin 2016-cı ildə də davam edəcəyi bildirilir.

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.

Hesabatda bildirilir ki, Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir.

Eyni zamanda xatırladaq ki, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Azərbaycan Müdafiə Nazirliyi sözügedən məsələ ilə bağlı yanvarın 25-də verdiyi açıqlamasında bildirib: "Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".