“Prezidentin başını cürbəcür intriqalarla qarışdırmaq olmaz“ – MÜSAHİBƏ

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatın ("Azerros"un) Moskvada keçirilmiş qurultayından sonra təşkilatın Ağsaqqallar Şurasının sədri seçilmiş Abbas Abbasov SalamNews, "APA" informasiya agentlikləri və "İnterAz" telekanalı nümayəndələrinin suallarını cavablandırıb.

- Sizin "Azerros"un Ağsaqqallar Şurasına sədr seçildiyinizdən sonra təşkilatınızın Ümumrusiya Azərbaycan Konqresi ilə münasibətləri necə tənzimlənəcək?

- Konqresin və "Azerros"un öz vəzifələri var. Amma hər hansı təşkilat azərbaycanlılarla bağlıdırsa, onun bir amalı olmalıdır – Azərbaycan, azərbaycanlılar, Rusiyada yaşayan azərbaycanlılar, əmək miqrantları, Rusiyada çalışanlar, işləyənlər, onların problemləri, güzaranlarının yaxşılaşdırılması və onlara şərait yaradılması. Əsas amil budur. Bilirsiniz, Rusiyada Azərbaycanla bağlı təşkilat yaranırsa, onun bir amalı olmalıdır – azərbaycanlılar. Başqa rəqabət olmamalıdır,- ÜAK "Azerros" ilə rəqabət aparsın, – belə şeylər yolverilməzdir.

Bizim başqa təşkilatımız da var Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) – adını "Milyarderlər İttifaqı" qoyublar. Hamının bir amalı olmalıdır – millətimiz, xalqımız, Vətənimiz və yaşadığımız ölkədəki iqlim, siyasi, ictimai sabitlik. Əsas məqsəd budur. Mən heç kimlə rəqabət aparan adam deyiləm.

- Siz RATİ-nin sədr vəzifəsində qalırsınız yoxsa çıxmısınız? RATİ-nin ÜAK ilə səyləri birləşdirmək haqqında təklifi qüvvədə qalırmı? RATİ Rusiyadakı Azərbaycan təşkilatlarının əlaqələndirici qurumu kimi fəaliyyətini davam etdirəcəkmi?

- Bəli. RATİ də Ağsaqqallar Şurası kimi təşkilatdır, qurumdur. İndi kimsə nədənsə narahat olursa, yalnız onu deyə bilərəm ki, mənim bir amalım var – Azərbaycan, azərbaycanlılar və yaşadığım ölkə və onun qanunvericiliyinə uyğun hərəkət etmək. Yerdə qalan ixtilaflarla, cürbəcür söhbətlərlə işim yoxdur. İstəyirəm ki, bunu siz düzgün anlayasınız, başqa fikrim və amalım yoxdur. Xalqımdır, ölkəmdir, prezidentimizdir. Mən 15 il Azərbaycan hökumətinin rəhbərlərindən olmuşam. Mən bu illər ərzində Heydər Əliyevin duası ilə yaşamışam. Ona görə də heç bir problem yoxdur.

- Rüstəm İbrahimbəyov hakimiyyəti sərt tənqid edir. Siz isə onunla eyni təşkilatlardasınız – həm RATİ-də, həm də "Azerros"da. Bunu necə qiymətləndirmək olar?

- Biz demokratik cəmiyyətdə yaşayırıq. Hərənin öz mövqeyi var. Rüstəm İbrahimbəyovun mövqeyindən razıyam. Vətəndaş mövqeyini hər bir insan göstərə bilər. Hər bir insan öz fikrini söyləyə bilər. İndi onu mən qəbul edib-etmirəm və yaxud siz və başqası qəbul edib-etmirsiniz, bu, başqa məsələdir. Hərənin bir mövqeyi var – mənim başqa mövqeyim var, sizin başqa mövqeyiniz ola bilər. Azad ölkədə yaşayırıq, hamı öz mövqeyini bildirə bilər.

Amma ümumi aspekti götürsək, hamımız istəyirik ki, Azərbaycan güclü, gözəl dövlət olsun, torpaqlarımız azad olunsun, xalqımız firəvan yaşasın, ölkəmizdə sabitlik və əminamanlıq hökm sürsün, xalqımız xoş güzaranla həyat qursun. Yerdə qalan məsələlər – korrupsiya, çatışmamazlıq və s. məsələlər – bunlar hər bir cəmiyyətdə var. Bunun qarşısını iqtidar və iqtidara yaxın qüvvələr almalıdırlar ki, xalq da narazı qalmasın, xalq öz hakimiyyətindən razı qalaraq həyatının quruluşunu təmin etsin.

- Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Azerros"la bağlı təşkilatın qurultayı ərəfəsindəki bəyanatına münasibətiniz necədir?

- Bilirsiniz, sifarişlə Hacı qəbul olunmur. İşləmək lazımdır, birgə işləmək lazımdır. Əgər Nazim İbrahimov bu vəzifəni daşıyırsa, istəyirsə ki, azərbaycanlılar yaxşı yaşasın, onun o bəyanatı düzgün bəyanat deyil. O, əks-bəyanatdır. Söhbət şəxsi münasibətlərdən getmir, söhbət azərbaycanlıların cəmiyyətindən gedir, Azərbaycan icmasından gedir. Bu icma sənin yanına gələsi deyil, sən bu icmanın yanına gəlməlisən. Çünki icma böyükdür, icma xalq deməkdir. Amma sən bir məmursan, sən icmaya diktə edə bilməzsən, icmanın dediyinə riayət eləməlisən, icmanın bəyənib seçdiyini sən həyata keçirməlisən və onu həyatda sən özün üçün dərs etməlisən. Yoxsa, sən Bakıdan burada yaşayan azərbaycanlılara ağıl ver, öyüd-nəsihət ver, bu, olmaz. Onlar Rusiya vətəndaşlarıdır, sənin buna səlahiyyətlərin çatmır, çünki sən onda başqa dövlətin işinə müdaxilə etmiş olursan. Amma sən bura gəlsən, otursaq, məsləhətləşsək, qərar qəbul eləsək... Biz düşmən deyilik ki, biz azərbaycanlıyıq – bir hissə Azərbaycanda, digər hissə Rusiyada yaşayır. Bizim əsas amalımız Azərbaycanda siyasi və ictimai sabitliyin olmasıdır. Prezidentin başını başqa işlərə, yəni, dedi-qoduya, intriqalarla, ixtilaflara, çəkişmələrə qarışdırmaq düz deyil. Prezident siyasətlə məşğul olmalıdır. Bizim Qarabağ boyda problemimiz var. Yoxsa, bunların hamısı prezidenti əhatə edirlər... Prezidentin başını cürbəcür intriqalarla niyə qarışdırırlar, axı, onun o qədər işi var ki.

- "Azerros"da ilk addımlarınız hansılar olacaq?

- Bilirsiniz, hələlik təşkilati məsələlərə diqqət ayrılacaq. İş davam edir. Qurultayın nəticəsi olaraq, özünüz də gördünüz ki, "Azerros"da çalışan insanların hamısı öz mövqeyində, öz vəzifələrində qaldılar. Ancaq, əlbəttə, biz hazırlıq işləri görməliyik ki, işimizi daha da canlandıraq. Bu istiqamətləri daha da canlandıraq və ümumi məqsəddə çalışaq ki, burada yaşayan azərbaycanlıların perobelmlərinin həllində yaxından iştirak edək.

AzNews.az