- Köhnə - Siyasət
- 5 Sentyabr 2018 11:17
- 4 387
“Ermənistanı Rusiyaya bağlayan...” - Mübariz Əhmədoğlu
RF prezidenti V.Putin eks-prezident, haqqında cinayət işi açılmış R.Köçəryanı ad günü münasibətilə təbrik etdi. Köçəryana V.Putinin belə münasibəti özünə görə deyil, Ermənistanın daxilində baş verənlərə görədir.
S.Sərkisyanın dövründə Rusiya-Ermənistan münasibətlərində hər şey normal kimi görünürdü. Bu dövrdə V.Putin və ya yüksək çinli Rusiya rəsmilərindən kimsə R.Köçəryanı itirib axtarmayıb. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda antiRusiyaçılıq ən yüksək həddə çatan dövrdə də Rusiya rəsmiləri R.Köçəryanı yada salmadılar. O zaman Yerevana səfər edən RF baş naziri D.Medvedev Q.Çarukyanın evində qalmalı oldu. Hər halda R.Köçəryanın da evində qala bilərdi. “Sistem” AFK-nın idarə heyətinin üzvü olan R.Köçəryan ən azı ildə 2 dəfə Moskvaya səfər edir. O zaman da yüksək çinli RF rəsmiləri R.Köçəryana diqqət ayırmadılar.
V.Putinin məqsədi N.Paşinyana münasibətini göstərməkdir. V.Putin qarşıdan gələn seçkilərdə Rusiyapərəst qüvvələri aktivləşdirmək və onların arasından seçim etmək kursunu götürüb. Bu zaman Rusiyaya ən səmimi münasibət göstərən şəxs Rusiyanın namizədi olacaqdır. Bunun üçün ən optimal variant Ermənistandakı siyasi xadimin Mehri dəmir yolunun açılması uğrunda mübarizəsi olacaqdır. Mehri dəmir yolunun açılması Ermənistan üzərində Rusiya-ABŞ qarşıdurmasının konfiqurasiyasını tam dəyişəcəkdir. Bəlkə də ABŞ Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaq barədə düşünməyəcək, Ermənistanla normal münasibətlər quracaq.
Mübariz Əhmədoğlu, politoloq
AzNews.az