“Cəmil Həsənli Konstitusiya Məhkəməsini çayxana ilə səhv salıb“

"Milli Şuranın məqsədi ancaq qarışıqlıq yaratmaqdır"





Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin Azərbaycana qayıtmasının səbəbi qarışıqlıq yaratmaqdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, prezident seçkilərində iştirak etmiş hər hansı bir fərdin uduzması ona xaricdə yer verməyə əsas yaratmır: "Gərək Cəmil Həsənli elə şou düzəltsin ki, ona xaricdə sığınacaq versinlər. Cəmil Həsənli ancaq qeyri-qanuni mitinqlərə çağırışlar edir və gördüyünüz kimi bu gün də Konstitusiya Məhkəməsini çayxana, mitinqlə səhv salıb. Yəni, bunların savadlı hüquqşunasları da yoxdur ki, izah etsin ki, bu məsələ belə olmur. Hətta seçki prosesi dövründə ikili vətəndaşlığı olanın namizədliyini irəli sürmüşdülər".

YAP icra katibinin müavini qeyd edib ki, C.Həsənlinin də əsas məqsədi ondan ibarətdir ki, yaxın müddət ərzində qarışıqlıq salsın, qanunu pozsun, buna qarşı hər hansı bir fiziki təsir olsun və yaxud onun haqqında hüquqi ölçü götürülsün: "Ona ABŞ-da "Green Card" hazırlayıblar və bu, hətta Londona gedəndən hazır idi. Çünki Londondan qayıdandan sonra tamam dəyişdi. İndi istəyir həmin kartını alsın və Azərbaycandan getsin. Siz bunun şahidi olacaqsınız".

S.Novruzov deyib ki, hazırda Milli Şuranın məqsədi ancaq qarışıqlıq yaratmaqdır: "Misal üçün, Bakı şəhər İcra Hakimiyyətinə heç bir müraciət etməyiblər, amma deyirlər ki, müraciət etmişik. Sərbəst toplaşma azadlığı haqqında qanuna əsasən istənilən partiya, ictimai təşkilat öz etiraz aksiyasını keçirə bilər, ona görə bunlar da qabaqcadan Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməklə bu addımı ata bilərlər. Lakin bunlar müraciət etmədən deyirlər ki, mitinq keçirmək istəyirik, özü də Fəvvarələr Meydanında. Yəni bu da aydındır - stadionda mitinq keçirəndə gördülər ki, insanlar gəlmir, adi balaca bir stadionun 40 faizini doldura bilmirlər, Fəvvarələr Meydanında qarışıqlıq yaratmaq istəyirlər".

AzNews.az