Rauf Arifoğlu: “Milli Şura cəhənnəmə dağılsın...”

"Mənim nəyimə lazımdır, cəhənnəmə parçalansın, dağılsın. Birləşir-birləşsin, dağılır-dağılsın. Onun mənə heç bir aidiyyəti yoxdur".

Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şuranın üzvü və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Rüstəm İbrahimbəyovun Milli Şuradan istefası ilə bağlı mediaya verdiyi açıqlamasında təhriflərin olduğunu deyən R. Arifoğlu bildirib ki, Müsavat Partiyasının mövqeyindən danışmaq niyyətində olmayıb: "Açıqlamamda "Ekspert kimi kənardan baxaraq, belə görünür" - deyə cümlələr işlətmişəm.

Verdiyim açıqlamanı oxumamışam. Sadəcə sonradan ona verilən cavabları oxuduqda heyrətə gəldim. Çünki girişdə israrla bildirdim ki, mən bu barədə danışa bilmərəm və belə bir səlahiyyətim yoxdur. Amma belə düşünürəm. Düşünmə ayrı şeydi, səlahiyyətli şəxs kimi danışmaq ayrı məsələdir".

R. Arifoğlu qəti şəkildə bildirib ki, Müsavat Partiyasının mövqeyindən danışmağa səlahiyyətli deyil: "Mən qəzet redaktoruyam. Qəzetimin vəziyyətindən soruşsanız cavab verə bilərəm".

Xatırladaq ki, R. Arifoğlu təhrif edildiyini iddia etdiyi açıqlamasında bildirib: "Rüstəm İbrahimbəyov başa düşürdü ki, həmsədrlik məsələsinə israr etsə, Milli Şura parçalanacaqdı. Məsələlər bu cür davam etsəydi, həmsədrlik tərəfdarları dirəşsəydilər, Müsavat Partiyası oradan çıxacaqdı. Bu isə Milli Şuranın ömrünün bitməsi demək idi. O zaman isə Rüstəm müəllim müxalifəti mən birləşdirdim arqumentindən məhrum olacaqdı".

Məhəmməd
AzNews.az