Millət vəkili ABŞ-a gedəcək



Milli Məclisin deputatı Qənirə Paşayeva "Türk xalqlarının ipək yolu festivalı" adlı konfransda iştirak etmək üçün oktyabrın 6-dan 11-dək ABŞ-ın Hyuston şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Amerikalı və Avrasiyalı Türklər Şurasının təşəbbüsü ilə keçiriləcək tədbirdə 6 türk respublikası - Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın pavilyonları qurulacaq. Burada Türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, məişəti, adət və ənənələrini əks etdirən nümunələr nümayiş olunacaq, tarix və mədəniyyətimizlə bağlı fotosərgi təşkil ediləcək.

Daha sonra deputat oktyabrın 11-dən 18-dək İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil ediləcək "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forumun işinə qatılacaq.

İlkin
AzNews.az