ABŞ-a qarşı sərt ittihamlar – Koalisiya toplandı (Foto)

Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" və "Azad Azərbaycan" Müstəqil Teleradio Kampaniyasının birgə təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı anti-təbliğat kampaniyası daha da güclənir: "Azərbaycanın güclənməsi, uğurları sözsüz ki, bəzi dairələri narahat edir".

Daha sonra "Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: anti-Azərbaycan kampaniyası" mövzusunda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, idman yarışları hər zaman sülhü, əmin-amanlığı bərqərar edən hadisə olub: "Bu gün də bu ənənə öz nüfuzunu qoruyub saxlayır. Bu cür olduğu təqdirdə Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı olan aqressiya nədəndir? Məgər müstəqil siyasət yürüdən dövlətlərin keçirdiyi tədbirlər, elə bu Oyunlar sülhün təbliğinə xidmət etmirmi?"

E.Mirzəbəyli qeyd edib ki, hər il bəzi aparıcı güclər, birliklər eləcə də onların himayəsində olan beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı bölgələrində mövcud olan münaqişə və qarşıdurmaları tənzimləmək iddiası ilə ictimai diplomatiya xarakteri daşıyan müxtəlif tədbirlərin həyata keçirilməsi üçün miyardlarla dollar vəsait xərcləyir, layihələr həyata keçirirlər: "Belə olduğu təqdirdə Bakıda keçirilən Avropa Oyunlarına münasibətdə sərgilənən aşırı aqressiya ilk baxışda təəccüb doğurmalıdır. Dünyanı müharibə ilə idarə etməyə çalışan, milyonlarla insanın faciəsi üzərindən öz iqtisadi və geosiyası maraqlarını təmin etməyə çalışan güclər sözün əsl mənasında barışa, sülhə maraqlı deyillər".

E.Mirzəbəylinin sözlərinə görə, anti-Azərbaycan kampaniyanı idarə edənlərin kimliyinə diqqət etdikdə maraqlı mənzərə ortaya çıxır:
"Onların Ermənistanla əlaqələri var. Azərbaycan idmançılarının erməni idmançıları üzərində qələbəsinə siyasi don geydirənlər bunu başqa cür qələmə verir. Aran Vandaryanın bu Oyunları boykota çağırması isə bu işdə ermənilərin əlinin olduğunu açıqca ortaya qoyur".

"ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ dairələri də fəal iştirak edirlər.

S.Məmmədov vurğulayıb ki, dini və etnik tolerantlığın yüksək olduğu Azərbaycan irqi ayrı-seçkiliyin tüğyan etdiyi ABŞ tərəfindən müzakirəyə çıxarılır: "Müxtəlif xalqların nümayəndələri yaşamasına baxmayaraq, ABŞ heç zaman multikulturalizmi dəstəkləmir. ABŞ ölkədə yaşayan bütün xalqların mədəniyyətini birləşdirərək panamerika mədəniyyəti formalaşdırmağa çalışır ki, bu da fiaskoya uğrayır. Dövlətlər bir-birilərində olan insan hüquqlarının vəziyyəti ilə bağlı məsələyə toxuna bilər, amma ilk növbədə özlərindəki vəziyyətə baxmalıdır".

S.Məmmədov qeyd edib ki, ABŞ-da ağdərili polislər qaradərililər üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edir: "Çünki onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar verməyə imkan verməzlər".
image description image description image description image description image description