“Fərəcovun Prezidentin etimadını doğruldacağına əminəm”

Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun vəzifəsindən azad olunması, həmin posta Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun gətirilməsi haqqında dünəndən etibarən xəbər portallarında məlumatlar yayılıb.

Bu məlumatlar sosial şəbəkələrdə və mətbuatda geniş maraq doğursa da, Azərbaycan Prezidentinin sərəncamı rəsmi şəkildə bu gün yayıldı. Cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayan bu təyinatı "Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru, sosioloq Taleh Şahsuvarlı çox uğurlu seçim hesab edir:

"Mənim Azərbaycan hakimiyyətindəki istənilən şəxsə, təyinata, yerdəyişməyə münasibətim Prezidentin etimadına əsaslanır. Əgər Azərbaycan Prezidenti, cənab İlham Əliyev hər hansı bir kadrı irəli çəkirsə, yaxud vəzifəsindən azad edirsə, bu onun həmin şəxsə göstərdiyi etimaddan qaynaqlanır. Bu mənada hesab edirəm ki, Azərbaycanın ən böyük şəhərlərindən birinə icra başçısı təyin etməklə Cənab Prezident Zakir Fərəcova böyük etimad göstərib. Böyük etimad həm də böyük məsuliyyət deməkdir. Bir jurnalist olaraq şəxsi müşahidələrimə, eşitdiklərimə, o cümlədən Abşeron rayonuna yolum düşəndə gördüyüm, şahidi olduğum yüksək səviyyəli abadlıq işlərinə əsaslanaraq dövlət başçımızın bu etimadını Zakir müəllimin layiqincə doğruldacağını düşünürəm. Zakir Fərəcov icra başçısı olmaqla yanaşı, həm də mənəvi baxımdan ağsaqqal statusu daşıyan adamdır. Kifayət qədər zəngin həyat təcrübəsi var, idarəçiliyi bilən, xalqla işləməyi bacaran, təsərrüfatçı şəxsdir. Ona görə də ehtimal etməyə çətinlik çəkmirəm ki, yaxın zamanlarda Sumqayıtda böyük dəyişikliklərə şahid olacağıq. Fürsətdən istifadə edib Zakir müəllimi təbrik edir, ona Azərbaycan liderinin etimadını doğrultmaq istiqamətində görəcəyi işlərdə, göstərəcəyi fəaliyyətdə uğurlar arzu edirəm".