Beynəlxalq Gənclər Forumu sonda Bakı Bəyannaməsinin qəbulu ilə başa çatacaq. Beynəlxalq Gənclər Forumu sonda Bakı Bəyannaməsinin qəbulu ilə başa çatacaq.
  • Toplum
  • 31 Yanvar 2019 16:13
  •  2 838

Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçirilir

Beynəlxalq Gənclər Forumu sonda Bakı Bəyannaməsinin qəbulu ilə başa çatacaq.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Gənclərin Karyera İmkanları. Azərbaycan Modeli” layihəsi çərçivəsində Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumu öz işinə başladı.

Bu haqda məlumat AzNews.az-a ADTGT-nin İctimai əlaqələr və informasiya departamenti tərəfindən verilib.

ABŞ, İtaliya, Finlandiya, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin qatıldığı plenar açılışı salamlama çıxışı ilə ADTGT sədri Asif Əsgərli açdı. Layihə və beynəlxalq tədbirin məqsəd və fəaliyyəti haqqında danışan natiq Forumun 5 gün ərzində karyera və məşğulluq sahəsində xarici və yerli gənclər üçün yaxşı bir informasiya-təcrübə mübadiləsi olacağını bildirdi.

Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı, “Gilan Agriculture” Qrupun HR direktoru Emil Hüseynov, Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kənan Bağırov çıxış edərək Forumun işinə uğurlar arzuladılar və bu kmi beynəlxalq tədbirlərin gənclər üçün vacib əhəmiyyətini vurguladılar.

Foruma qatılan əcnəbi gənc liderlərdən Türkiyə təmsilçisi Erdem Guler, Rusiya nümayəndəsi Yekaterina Alekseyeva, Polşanın QHT rəhbəri Yerdzey Chodzinski, Ukraynalı Nadia Qovorun, Moldovadan olan Nikolay Russu və Gürcüstan təmsilçisi Zurab Gventsadze toplantıya öz təbriklərini çatdıraraq, bu 5 gün ərzində azərbaycanlı həmkarları ilə maraqlı mövzularda müzakirə və fikir mübadiləsi aparacaqlarından qurur duyduqlarını qeyd edərək, ADTGT-yə onları dəvət etdiklərinə görə təşəkkürlərini bildirdilər.

Nahar fasiləsindən sonra Forum öz işini panel müzakirələri ilə davam etdirdi. Hökumət strukturu məsulları, Dövlət Məşğulluq Xidməti əməkdaşları və özəl sektor təmsilçilərinin də qatıldığı “Gənclərin karyera və məşğulluğu sahəsində qlobal trendlər”, “Azərbaycan gənclərinin karyera və məşğulluq modeli: problemlər və nailiyyətlər” adlı panellərdə həm əcnəbi həm də yerli gənclərin maraqlı müzakirələri oldu, mövzularla bağlı təqdimatlar keçirildi və qiymətləndirmə aparıldı.

Növbəti panel müzakirələri və işçi çalışmaları Foruma dəstək verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirildi. ASOİ Universitetinin tarixi, keçdiyi yolla tanış olan Forum iştirkçıları gənclərin karyera inkişafına böyük dəstək verən bu ali təhsil müəsissəsində tədbirlərin davam etdirilməsini yüksək qiymətləndirdilər.

Sabah da davam edəcək Beynəlxalq Gənclər Forumu sonda Bakı Bəyannaməsinin qəbulu və gənclərin karyera və məşğulluğu istiqamətində regional əməkdaşlıq şəbəkəsinin qurulması ilə başa çatacaqdır.

Xatırladaq ki, “Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında keçirilən Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təbliğini və gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edir.

Layihənin təşəbbüskarı ADTGT Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və eləcədə digər milli və beynəlxalq donorların dəstəyilə ölkədə və ölkə xaricində çoxsaylı beynəlxalq layihələr icra etmiş və bu uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq, Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülmüşdür.

AzNews.az