“Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəriciləridir” “Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəriciləridir”
  • Tribuna
  • 31 Yanvar 2019 14:07
  •  3 520

Tanınmış ekspertdən beynəlxalq təşkilatlara çağırış – "Ermənistanı unudursunuz”

“Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəriciləridir”

AzNews.az xəbər verir ki, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, tanınmış ekspert Elməddin Muradlı Ermənistanın “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın 52 günlük açlıq aksiyasından sonra ölümünə beynəlxalq təşkilatların susqun yanaşmasını pisləyib.

İngilis dilində Avropa Parlamentinin rəhbərliyinə və üzvlərinə ünvanlanan müraciətdə Elməddin Muradlı bildirib:

- Bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət edib, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər.

Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bir neçə ay öncə isə Avropa Parlamenti rəsmilərinin qurumun yekdilliklə Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalanmasını təsdiqləməsi ərəfəsində, bu ölkədə Tsesna Cherer adlı bir siyasi hərəkatın 70-ə yaxın üzvü həbsdə olduğu bir dövrdə, başqaları üçün də demokratiya nümunəsi olaraq göstərdiyi Ermənistanda siyasi fəaliyyətinə görə təqib olunan məhbus keçirdiyi aclıq aksiyası nəticəsində ölüb. Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəriciləridir. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatlar susur. Halbuki Ermənistanda yaşanan proseslər beynəlxalq qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan beynəlxalq qurumlar baş verən hadisəni, siyasi baxımdan beynəlxalq qurumları ələ salmanı, insani baxımdan isə böyük faciəni sükutla qarşılaya bilməz.

Lakin Avropa Parlamenti yanvar ayının 17-də azərbaycanlı blogger Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etdi. Qətnamədə Mehman Hüseynovun guya aclıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunur, Azərbaycan asılıb-kəsilir, hədə-qorxu gəlinirdi. Təkrar edirik: Olmayan aclığa, olmayan həbs qərarına görə.

Bu gün biz vətəndaş cəmiyyətinin təmsilçisi olaraq soruşuruq: demokratik Qərbdən, beynəlxalq təşkilatlardan Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur?

İkili yanaşma nə vaxta qədər davam edəcək? Bu qədər ayrı-seçkiliyi seziləcək həddə qədər niyə nümayiş etdirirsiniz? Axı, Azərbayxcana münasibət bir tərəfə, burada bir insanın taleyindən söhbət gedir.

Biz belə mötəbər təşkilatların ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik.

Heç istəməzdik ki, bu qurumların fəaliyyətinin böyük lobbi və maliyyənin əlində oyuncaq olduqları obrazı yaransın. Bu Qoca qitəyə, demokratik Qərbə yaraşan obraz deyil. Haqqı, ədaləti, insan hüquqlarına hörməti nümayiş etdirin!

Ümid edirik ki, bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bir dəfə, real fakta görə sadiq qalacaq, Avropa məkanına daxil olmağa can atan, (başqa bir ölkənin ərazi bütövlüyünü pozmuş, işağlçılığı bir tərəfə qoyaq) öz vətəndaşına qarşı repressiya, siyasi terror edən ölkəyə qarşı adekvat qiymət verəcəksiniz.


AzNews.az