“Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm" “Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm"
  • Tribuna
  • 20 Yanvar 2020 11:10
  •  13 374

Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan görüntülərindən danışdı

“Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm"

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib.

“Qafqazinfo” hadisənin təffürratlarını öyrənmək üçün Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

O baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:

Bu hadisə dünən yox, o biri gün, İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar “Mən Qarabağda vuruşmuşam 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?” kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı.

Çingiz Qənizadə bu hadisənin təsadüf olduğuna inanmadığını deyib:

“Onu deyə bilərəm ki, bu mənə qarşı hazırlanmış qara pr-dır. Burada bir neçə namizəd var və onlar hər vasitə ilə çalışırlar ki, mənə mane olsunlar. Güclü rəqibi sıradan çıxarmaq üçün ümidlərini “youtube”yə bağlayıblar. Və bu vasitə ilə qara pr aparırlar.

Çingiz Qənizadə deyib ki, seçicilər onun yanındadır:

“Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm. Mən elə hesab edirəm ki, deputat olduğum müddətdə açıq və əlçatan deputat olmuşam və seçicilərimin mənə sevgisi var. Videoya baxan hər kəs görür ki, mən o görüntülərdə heç bir kobudluq etməmişəm. Bu təxminən 10 nəfərə yaxın, xüsusi öyrədilmiş və kənddə nüfuzu olmayan insanların atdığı addımdır. Bu qara pr-dır. Biz bu kimi hallara öyrəşmişik. Son olaraq səs seçicinindir. Kim seçici ilə yaxşı işləyəcəksə, seçim də o olacaq. Mən ümid edirəm ki, seçici ədalətli seçim edəcək”.