Deyirdi ki, Türkiyə “erməni soyqırımı”nı tanısın…

"İndi də bu adam çıxıb deyir ki, “İlham Əliyev rejimi simasını itirib”…"

Günün birində, lap dəqiqi 24 aprel 2015-ci ildə deyirdi ki, Türkiyə “erməni soyqırımı”nı tanımalıdır. Özü də bunu Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri olaraq deyirdi: “Türkiyə erməni soyqırımını tanımalı və tarixi faktları qəbul etməlidir. Türkiyə hökuməti dünyanın çoxdan qəbul etdiyi bir faktı qəbul etməlidir. Bu, 20-ci yüzilin ilk soyqırımı idi”. Bu adam daha sonra əlavə edib ki, ermənilərin kütləvi öldürülməsi tarixi faktlarla təsdiq edilib…

Daha sonra, 2017-ci ilin 27 aprelində o, AŞPA-da çıxış edərkən bildirib ki, Dağlıq Qarabağın erməni təmsilçiləri bu quruma dəvət edilməlidir. Yəni ki, onlar da Azərbaycandan və başqa ölkələrdən olan deputatlar-təmsilçilər kimi AŞPA tribunasından istifadə edə bilsin deyə…

Bir müddət sonra bu adamın adı korrupsiyaya bulaşdığı üçün elə o AŞPA-da hallanmağa başladı. Düzdür, yaxasını kənara çəkməyə çalışdı, amma barəsində araşdırmadan canını qurtara bilmədi…

İndi də bu adam çıxıb deyir ki, “İlham Əliyev rejimi simasını itirib”…

Təəccüblənirikmi? Əsla! Çünki ermənilərin qondarma soyqırımını tanımağa çağırış edən, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağın qondarma təmsilçilərinə AŞPA tribunasından danışmaq üçün imkan verməyə çağıran, adı korrupsiya qalmaqalında hallanan birisinin İlham Əliyevin “rejimi” haqqında belə deməsi bizi təəccübləndirə bilməz…

Hələ bu adamın Azərbaycanla bağlı araşdırmalarını Arif və Leyla Yunuslar, həmçinin Xədicə İsmayılla apardığını deməsi də var ortada…

Adını belə çəkməsək hər kəs anladı yəqin. Elə bir şəxsdən danışırıq ki, o, ermənilərlə dostdur, Azərbaycanlı olub ermənilərdən çox ermənilik edənlərlə əlaqədədir və söylədiyi fikirlər, atdığı addımlar da bu yanaşmadan qaynaqlanır…

Təbii ki, belə bir şəxsin Azərbaycanla, onun Prezidentilə bağlı nəsə deməsi bizi ciddi narahat edə bilməz. Etməməsi də lazım. Çünki erməni dostunun bizim haqqımızda xoş danışacağını gözləməyə də haqqımız yox axı…

Hə, başqa bir məsələ odur ki, bu erməni dostunun İlham Əliyev “rejimi” haqqında açıqlamasını “milli demokrat” cəbhəyə aid media orqanı və onların tərəfdarları tirajlamaqla məşğuldur. İndi adama sual edərlər: xeyir ola ermənilərin əziz-xələf dostunun antiAzərbaycan açıqlamasının ümidinə qalmısınız? Yəni doğrudanmı yapışacaq bir budağınız, söykənəcək bir arqumentiniz qalmadı ki, erməni uzantılarından öz dövlətinizə qarşı istifadə edirsiniz?

Elədir ki, var! Azərbaycanda xalqın dəstəyini ala bilməyən, hətta xaricdə də normal çevrələrin dəstəyindən əli çıxan bu “siyasi müxaliflər”in tək sığınacağı “qüvvə” erməni uzantılarıdır. Bu isə tükənmişlik deyil də, bəs nədir?

Bu arada, söhbət Avstriya parlamentinin üzvü və AŞPA-dakı təmsilçilərindən biri olan Ştefan Şennaxdan (Stefan Schennach) gedirdi. Bu adamı danışdırıblar, o da necə ki, bir zamanlar “erməni soyqırımı”nın şəninə təriflər yağdırıb Dağlıq Qarabağın erməni “təmsilçilərini” AŞPA-da görmək arzusunu ifadə edib, indi də İlham Əliyev “rejim”ini “topa tutur”. Əlavə şərhə ehtiyac varmı?…

Azər Həsrət

AzNews.az