- Yazarlar
- 11:29
- 1 133
Uşaqları Aşura mərasiminə cəlb etməyək
Aşura mərasimləri böyüklər üçün dərin mənəvi məna daşısa da, azyaşlı uşaq üçün neqativ psixoloji təsir yarada bilər.
Hər il Məhərrəm ayı gələndə məscidlərdə, ziyarətgahlarda və ibadət məkanlarında minlərlə insan Kərbəla şəhidlərini yad edir. Bu, inancın, sədaqətin, haqq uğrunda mübarizənin və fədakarlığın simvoluna çevrilmiş müqəddəs bir tarixdir. Azərbaycanda bu ayinlərin icrasına hər zaman hörmətlə yanaşılır, dini etiqad azadlığı tam təmin olunur. Ancaq bu mərasimlərdə azyaşlıların iştirakını müşahidə edərkən, vacib suala cavab verməliyik.
Böyüklərin dərindən dərk etdiyi bir matəm mərasimi uşağın yaddaşında hansı izi buraxır?
Burada söhbət dini ayinlərin keçirilməsindən deyil, azyaşlı uşağın həmin ayinləri necə qəbul etməsindən gedir. Sinəvurma, yüksək emosional ovqat, matəm ab-havası və digər dini ayinlər böyüklər üçün dərin mənəvi məna daşısa da, azyaşlı uşaq üçün neqativ psixoloji təsir yarada bilər. O, daha çox gördüyü mənzərəni, zahiri aspektləri yaddaşına həkk edir. Məhz buna görə də din xadimləri, psixoloqlar və aidiyyəti qurumlar hər il valideynləri bu məsələdə daha həssas olmağa çağırırlar. Çünki uşağın ilk xatirələri onun gələcək dünyagörüşünün təməlini formalaşdırır. Bu təməlin sağlam, təhlükəsiz və yaş xüsusiyyətlərinə uyğun şəkildə qurulması isə ilk növbədə valideyn məsuliyyətidir. Gələcəyimiz olan uşaqların həm mənəvi, həm də psixoloji sağlamlığını qorumaq hər birimizin ortaq məsuliyyətidir.
Aşuranın bizə verdiyi ən böyük dərs haqqı qorumaqdır. Bəzən bu haqq uşağın vaxtından əvvəl ağır duyğularla yükləməməkdən başlayır.
Anar Yusifoğlu