- Qərb
- 12:56
- 2 118
Rubio: ABŞ İranla razılaşma istəyir, amma istənilən şərtlə yox
ABŞ dövlət katibi Marko Rubio Bəhreynin paytaxtı Manamada Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Vaşinqtonun İranla razılaşma əldə etmək istədiyini, lakin bunun “istənilən qiymətə” baş verməyəcəyini bildirib.
Rubio İranla əldə olunacaq razılaşmanın uğurlu olacağına ümid etdiyini deyərək qeyd edib ki, bunun üçün Tehran başqa ölkələrə ideologiya ixrac etməyə çalışan inqilabi hərəkat kimi deyil, öz xalqının rifahına fokuslanan dövlət kimi davranmalıdır.
ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, Hörmüz boğazı heç bir ölkənin müstəsna nəzarətində ola bilməz. Onun sözlərinə görə, İranın boğazdan keçid ödənişlərini rüsum və ya xidmət haqqı adlandırması mahiyyəti dəyişmir.
Rubio bildirib ki, Vaşinqton razılaşmanın işləməsini istəyir, lakin sənəd çərçivəsində qəbul ediləcək bütün qərarlar ABŞ-ın müttəfiqlərinin və tərəfdaşlarının maraqları nəzərə alınmaqla veriləcək.
“Biz sülhə açığıq, amma bu sülh davamlı, real olmalı və ABŞ-ın, eləcə də Körfəz regionundakı dost və müttəfiqlərimizin təhlükəsizliyinə və rifahına zərər vurmamalıdır”, – deyə Rubio vurğulayıb.
Mövsüm,
AzNews.az