BAYRAM OVQATLI SEÇKİ

Bu gün sevgili məmləkətimizdə səsvermə günüdür.

Hər seçkini Azərbaycanda böhrana çevirmək istəyənlərin arzuları bu dəfə də qursaqlarında qalıb.

Xalqın seçki hüququna malik hissəsi məntəqələrə sel kimi axır.

Ölkənin dörd bir yanından fərəhləndirici xəbərlər, qururlandırıcı görüntülər gəlir.

Səsvermə məntəqəsi açılar-açılmaz seçici hüququmdan istifadə etmək üçün evdən çıxdım.

Səbail rayonundakı 7 saylı dairənin 23 saylı məntəqəsini uzun bir növbə vardı.

Komissiya üzvləri gülərüzlə seçiciləri qarşılayır, təmkinlə qeydiyyatlarını aparırdılar. Büllüten alaraq səsvermə kabinetinə keçənlər, qayıdıb büllüteni şəffaf qutulara atanların üzündə bir məmnunluq vardı.

Zəngilandan Kəlbəcərə, Füzulidən Laçınacan işğaldan azad olunan torpaqlarımızda keçirilən seçkinin ləzzəti bütün ölkəyə yayılıb.

Laçından gələn xəbərlər belədir ki, insanlar məntəqənin açılmasını da gözləməyiblər, səsvermə üçün daha erkən saatlardan məntəqənin önündə növbə yaranıb.

ZƏFƏR SEÇKİsinin ən önəmli xəbər və görüntüləri, heç şübhəsiz Xankəndidən gəldi.

Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Xankəndidə səs verdi.

Vətənin səsi, xalqın səsi, dövlətin səsi dünyaya beləcə duyuruldu.

Qarabağ Azərbaycandır!

Xankəndi Azərbaycandır!

ATƏT müşahidəçiləri dəfələrlə Xankəndiyə, işğaldan azad olunan digər bölgələrimizə dəvət olundu.

MSK sədri Məzahir Pənahov bu niyyəti açıq şəkildə dilə gətirdi.

Səsvermə prosesinə gölgə salmaq üçün xarici fondlardan maliyyə dilənənlər hesabat verə bilməməyin sancısını çəkirlər.

İrəvan mediası yas içindədir.

Sosial şəbəkələrin Azərbaycan seqmentində məntəqələrdə çəkilən fotolar, selfilər paylaşılır, dostlar sevinir, düşmənlər çatlayır.

Axşama hələ var.

Səbirsizliklə seçkilərin nəticələrinin açıqlanacağı saatı gözləyirik.

Bəli, Azərbaycanda yeni siyasi etnos formalaşıb.

QALİB XALQ!

Səsvermə gününün qaydalarına əməl edərək hər kəsin gözlədiyi nəticələri yorumlamaq istəmirəm, buna ehtiyac da yoxdur.

Ancaq seçici fəallığı bir daha təsdiq etdi ki, QALİB XALQ yenidən QALİB GƏLİR!

Taleh ŞAHSUVARLI