İrandakı bəlli çevrələrin Cənubi Qafqaz və xüsusilə də Azərbaycan Respublikası ilə bağlı uzun illərdir apardığı dərin siyasətin tək bir hədəfi vardır: Azərbaycanı dünya arenasında müttəfiq bildiyi dövlətlərlə üz-üzə qoymaq və süni şəkildə dərin ixtilaflar yaratmaq. ABŞ, Almaniya, Türkiyə, Fransa, İngiltərə, Qazaxıstan, Rusiya, Türkmənistan, İsrail və digər dövlətlərlə Azərbaycan dövlətinin münasibətlərinə kölgə salmaq üçün dəridən-qabıqdan çıxır. O da bəllidir ki, Tehran rejiminin Orta Şərqdəki strateji hədəflərində yer alan “Qüds” və “Fələstin” məsələsi siyasi alver mənbəyindən savayı heç nəyə yaramır.
Tehranın humanitar “sovqatı”nın gizlinləri
909-cu ildə Misirdə Fatimilər sülaləsi özlərini İslamın xəlifəsi elan etdikləri çağdan bu günə kimi, farslar Orta Şərqdə dərin hədəflərini milli strateji müstəvidə sərgiləməkdə davam edirlər. Übeydullah Mehdinin dəstəyi ilə indiki İran adlı ərazidə tarixdə ilk dəfə olaraq, terror yuvaları qurulmuşdur. Bunun adı ideoloji mənada isə “Ələmut şeyxləri hərəkatı” adlanırdı. Əsas məqsəd isə Anadolu, Qafqaz, İran yaylası, Xorasan və Türküstanda nəhəng türk dövlətlərini süquta uğratmaq olub. Bu siyasət orta əsrlərdə müxtəlif təriqət və məzhəblər adı altında də davam etdirilib. “1978-ci il Bəhmən İnqilabı”nın nəticəsində hakimiyyətdən devrilən pəhləvilər sülaləsinin ardınca hakimiyyətə gələn klerikallar 40 ildir ki, “Ələmut Şeyxləri Hərəkatı”nın müasir formalarını tətbiq etməklə məşğuldurlar. Din pərdəsi altında ifrat “panfarisizm” və “iranilik” ideoloji konseptləri bunu isbat edir.
Bunun ən bəsit nümunəsi: İranın Məşəhd, Qum, Tehran, İsfəhan, Yəzd, Şiraz, Gilan və digər bölgələrində dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşları geri dönəndə təmiz ana dilimizdə deyil, mümkün qədər fars dilinin qrammatik şərtləri daxilində moizələr edir, qədim fars-hind əfsanələrinə söykənən mifoloji baxışları islam rəvayətləri adı ilə cəmiyyətə təlqin edirlər. Hətta İranda təhsil almış əksər soydaşlarımız geyimlərində də İran molla rejimini yamsılamaq kimi addımları atırlar. Belə qaydalara qarşı çıxanları isə, dinin düşməni elan etməkdən belə çəkinmirlər.
Son aylarda İranın Yaxın Şərq ilə bağlı hədəflərdə yer alan əsas mövzu bir daha gündəmə gətirilib; guya Qüds ABŞ tərəfindən işğal olunub. Fələstin probleminin həlli ilə İrandan başqa heç bir dövlət maraqlanmır. “Qüds günü” adı altında Qəzza bölgəsinin ərəb sakinlərinin mübarizəsinin yanında tək yer alan İrandır. Sözdə Livan və Fələstin xalqına humanitar kömək göstərdiyi təbliğ edən Tehran rejimi əslində bölgənin silahlandırılması, etnik, dini, təriqət və digər zəminlərdə terrorizmin daha da artması siyasətini sərgiləyir. Azərbaycan dövlətinin və xalqının bu gerizəkalı hədəflərin yanında yer alması tələblərini irəli sürən İranın bu ideyalarını qəbul etmədikdə isə, dərhal “Azərbaycan Cümhurisi İsrailin, yəni sionizmin əsiridir” tipli, həqiqətdən uzaq təbliğatları qızışdırmağa çalışılır.
İŞID və digər radikal islamçı siyasətin Azərbaycana aidiyyatı yoxdur
İranın rəsmi mətbuatında son aylarda aparılan təbliğatlardan biri də, Orta Şərqdə İŞID, “İxvan əl Müslimin”, “Əl Əqsa”, “İslami Cihad”, “Əl Qaidə”, “Taliban”, “Boko Haram”, “Cəbhət əl Nüsrə”, “Hərəkət əş Şabab”, “Ləşkəre Tayba”, “Əl Fəth” və digər terroçu birləşmələrə qarşı elə Tehran rejimi tərəfindən dəstəklənən “Fələstin Azadlıq Cəbhəsi”, “FƏTH”, “HƏMAS”, “Hizbullah Fədailəri”, “Fələstin Qurtuluş Cəbhəsi”, “Mehdi Ordusu”, “Qətaibi Hizbullah” və başqa hərbi qruplaşmaların apardığı cihadçı siyasətin çevrəsinin genişlənməsində İran tərəfi israrlı görünür. Halbuki, Azərbaycan dövlətinin özü terror siyasətindən 28 ildir əziyyət çəkir. Bu günə kimi Tehran rejimi Ermənistanı işğalçı dövlət kimi elan etməyib.
Bu gün dünya siyasətinin önündə gedən əsas hədəf “qlobalizm” maraqları çərçivəsində deyil, milli dövlətlər modelinin qorunub saxlanılmasıdır. ABŞ-da Donald Trampın, sonra isə Avropanın əksər ölkələrində milli dövlət siyasətinin tərəfdarlarının qələbə çalması həm də Orta Şərqdə bütün terrorizm yuvalarının iflasa uğraması ilə nəticələnibdir. Elə bizə qardaş olan ölkə, Türkiyədə mövcud hakimiyyətlə “Fətullah Gülən camaatı”nın arasında baş verən ixtilaflar da bu üzdən baş vermişdi. Kimsəyə sirr deyil ki, “FETÖ” təşkilatı qlobalizm siyasəti adı altında beyin yuma siyasətini yürütməklə, potensial radikal dindar kəsimi hazırlayırdı. Başdan başa mövhumatçı qafa ilə cəmiyyəti bu anlayışa sürükləməklə orta əsrlərdə olduğu kimi xilafət dövlətinin qurulması ideyasını ortaya atmışdı. Halbuki, bəşəri inkişaf orta əsrlərin feodalizm dəyərlərinə əlvida deyildiyi üçün bu gün fərqli bir məcrada irəli gedir. İran adlı ölkəni 40 ildir “qlobalizm” şərtləri ilə idarə edən molla rejimi dünyaya “İslam İnqilabının ixracı” konsepsiyasına söykənibdir.
“İran islam inqilabı” ideologiyasının şərtləri daxilində bu gün Tehrandakı rəsmi mətbu orqanlar onu da qeyd edirlər ki, Suriya, Liviya, Misir, Tunis, Əlcəzair, İraq, İordaniya və digər ölkələrdə İŞID və onun dəstəkçisi olan terror qruplaşmaları məhz İran dövlətinin dəstək verdiyi qüvvələrin sayəsində iflasa uğrayıblar. Hansı dövlət İran siyasətinə qarşı çıxacaqsa, onları da həmin aqibət gözləyir. Tehran rejiminin ən təhlükəli hədəflərindən biri də, “islam inqilabı”nı ixrac etməklə yanaşı, qonşu ölkələrdə imanlı vətəndaşları həm də “Xristian Dünyası”na qarşı yönəlməsidir. Suriya və İraqda son illərdə yaşanılan vətəndaş müharibələrinə görə Tehran üzərindən idarə olunan təbliğatlarda bildirilir ki, bu müharibələr xristian dünyasının səlib yürüşüdür və müsəlmanlar İrana dəstək verməklə bunun qarşısını almalıdırlar. Təbii olaraq İraq və Suriyadakı diktator rejimlərinə qarşı üsyan edən xalqları süni şəkildə radikal islamçı qüvvələrin sayəsində onların hədəfləri fərqli bir məcraya yönləndirildi. Ancaq, bu o demək deyildi ki, İraq və Suriya xalqları dini baxımdan antixristian layihələrində yer alırdılar. Tehran rejiminin və özünün hüdudsuz hakimiyyət səlahiyyətlərindən qorxan digər ərəb dövlətlərinin diktatorları demokratik proseslərin qarşısını almaq üçün bu vətəndaş müharibələrini törətdilər. Hətta bir sıra qarşılıqlı ittihamları sərgiləməyi də unutmadılar. İranın hədəfi bu çirkin ssenarilərdə Azərbaycan dövlətinin də yer almasını təşviq edən addımlar atırdı. Buna nail olmadıqda isə dini baxımdan Tehran rejiminə bağlı olan çevrələri hərəkət gətirdi. Suriya və İraqda -İŞID və Hizbullahın sıralarında döyüşənlərin arasında soydaşlarımız da, təəssüf ki, iştirak etmişlər. Azərbaycan qanunları demokratik təməllərə söykənir. Hər hansı bir terrorizmə qarşı kəskin mövqeyi ilə seçilən dövlətlərdən biridir.
Nədən Azərbaycan dövlətinin varlığı inkar edilir?
İranın apardığı siyasət “Soyuq müharibə”dən sonra Xəzər dənizi akvatoriyasında və Hind Okeanına açılan körfəzdə söz sahibi olmaqdır. Ona görə də Azərbaycan Respublikasına qarşı mümkün qədər antidövlət siyasətini yürüdür. Əsas hədəflərdən biri də xalqımızın dövlətçilik düşüncə tərzini sarsıtmaqdır. Azərbaycan dövlətinin milli kimlik varlığını din pərdəsi altında “dini kimlik” düsturuna yuvarlatmaq isə Tehran rejiminin ana hədəfidir. İran adlı ölkənin başında duranlar Qarabağ məsələsində əsas hədəfləri yayındırmaq üçün yeni ideyalar gündəliyı gətirir. Tehranda dərc olunan rəsmi mətbuat da bunu açıq şəkildə söyləyir. Faktiki olaraq Tehrandakı KİV-lərdə belə ideyalar hər gün təliğata çevrilir: “Qarabağda hər hansı bir işğalçı siyasət olmamışdır. Qarabağda sadəcə Azərbaycan dövlətinin “pantürkist” siyasətinə qarşı haqq səsini ucaldan bir erməni xalqı vardır. Azərbaycan dövlətinin siyasətçiləri Qarabağ müharibəsini “münaqişə” deyimi ilə əvəz etməklə, nəticəsiz müzakirələr aparmaqla kifayətlənir. Qarabağ ilə bağlı müzakirələrdə uduş və qələbə kartları əldə etmək istəyirsinizsə, bu kartları öz torpağınızda axtarın. Sizin uduş kartlarınız müsəlman və qeyrətli cavanlarınızdır”.
Hələ İran mətbuatı utanmadan daha nələri yazır: “Araz çayının dərinliyini azaltmaq üçün su bəndini bağladıq. Hələ də keçmiş əsgərlərimiz o günləri unutmayıb. Biz sizinlə çiyin-çiyinə idik. Siz münaqişədən danışırsınız və müzakirə yolu ilə torpağınızı azad etmək üçün 3 xristian ölkəsindən təşkil olunmuş qrupa ümid bağlamısınız. Qarabağ Fələstin torpağı, Xürrəmşəhr torpağı, Tehran, Ərdəbil və Təbriz kimi islam torpağıdır”.Bax budur əsil saxtakarlıq. “İran İslam İnqilabı”nın lideri, “Vilayəti Fəqih” Ali Şurasının sədri Ayətullah Seyidəli Xameneyinin bu sözlərini nə tez unutdunuz: “Qarabağ savaşı zamanı İran dövləti olmasaydı, Ermənistan hər hansı bir uğuru əldə edə bilməzdi”.
Bu gün həmin Araz çayının üzərində İran-Ermənistan müştərək su elektrik stansiyasının fəaliyyət göstərməsi də sübut edir ki, Tehran rejimi Qarabağ probleminin həlli yönündə ən böyük problemlərin səbəbkarlarından biridir. İran-Ermənistan ticarət əlaqələrinin ildə 2 milyard dollardan çox olması da isbat edir ki, Tehran rejiminin Azərbaycan dövlətinə olan münasibəti hansı müstəvidədir. Ermənistanda son parlament seçkiləri bitən kimi, Nikol Paşinyanın demokratik dövlətlərə deyil, ilk səfərini Tehrana etməsi bu iki dövlətin strateji müttəfiqliyinin simvolu olaraq dünyanın gözü qarşısında nümayiş etdirildi. Çünki Tehran rejimi Azərbaycan dövlətinin hər ötən gün ərzində daha da boy atdığını, inkişaf etdiyini qəbul etmək istəmir. İran adlı ölkə rəsmi təbliğatında Azərbaycan dövlətini aldatmaq üçün bildirir ki, guya bu gün Türkiyə ilə strateji müttəfiqlik siyasətini yürüdür. Bütün dünyanın gözü qarşısında İraq və Suriyada türkman əhalisini soyqırıma məruz qoyan PKK, PYD, PJAK və KDP-nin cinayətlərinə nədən dəstək verdiyini isə görməzlikdən gəlir.
Ə. Yusifoğlu