Nə zamandan Tehran rejimi dünyanın ən humanist ölkəsi hesab olunub? Nə zamandan Tehran rejimi dünyanın ən humanist ölkəsi hesab olunub?

Vilayəti Azərbaycan Respublikasını niyə İrana təhlükə sayır?

Nə zamandan Tehran rejimi dünyanın ən humanist ölkəsi hesab olunub?

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyinə qovuşan andan indiyə kimi mollakratiya bu müstəqilliyi qısqanclıqla qarşılamışdır. Tehran rejimi “Qafqazın 17 şəhəri” proyekti adı altında düz 28 ildir ki, dərin siyasət yürütməkdədir. Proyektin başlıca hədəfi Cənubi Qafqazın 17 iri şəhərini -Bakı, Şamaxı, Gəncə, Şuşa, Lənkəran, Quba, Bərdə, Beyləqan, İrəvan, Tiflis, Dərbənd, Salyan, Naxçıvan, Şəki, Ordubad, Goranboy və Qazax bölgələrini “qədim İran torpaqları” kimi qələmə verməklə Azərbaycan Respublikasının varlığını inkar etməkdir.

Çamurlar necə atılır?

İran adlı ölkədə bir gerçəklik 40 ildir öz hökmünü göstərməkdədir. Belə ki, Tehran rejiminin parlamentinin üzvü olacaq deputatlar, yerli şəhər və qəsəbələrin şuralarına seçkilərdə namizədliyi irəli sürülənlər, adi bir kitab dərc etmək istəyənlər, mədəniyyət sahəsində cəmiyyətlər yaradanlar məcburi şəkildə daxili işlər nazirliyinin qeydiyyatından keçməlidirlər. Daxili İşlər Nazirliyinin senzura idarəsi, əslində ictimaiyyətlə bağlı xüsusi kəşfiyyat idarəsi razılıq verdikdən sonra gərəkən addımlar atılır. Molla rejiminin də əsas gücü və dayağı sayılan belə bir struktur ölkənin ictimai proseslərini tamamilə nəzarətdə saxlayır. Bu gün istənilən internet səhifəsi belə, rejimin nəzarətindən kənarda mövcud ola bilməz. Azərbaycan Respublikası və Cənubi Qafqaz region üzrə Tehran rejiminin əsas ictimai nəzarət mexanizmi “www.qafqaz.ir” portalıdır.

Bu portalda son zamanlar ictimai fikrə calanması istənilən aparıcı mövzu bundan ibarətdir: “Qarabağın azadlığı üçün Bakının əsas gücü Qüdsün işğalçıları deyil, Azərbaycan Respublikasının cavanlarıdır". Beləliklə, süni şəkildə iddia olunur ki, Azərbaycan Respublikasını guya İsrail idarə edir. “Qüds” məsələsini bəhanə edərək Orta Şərqdə terror siyasətini daim dərinləşdirən İran rejimini əslində Körfəz Ölkələri akvatoriyasında neft və qazın satışı üzrə daha çox gəlir əldə etməkdir. Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyənin bir araya gələrək öz təbii resurslarını (neft və qaz) dünya bazarına çıxarılması yönündə çoxsaylı anlaşmalar imzalayıblar. Təbii ki, bu möhtəşəm layihə Tehran rejimi tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də Cənubi Qafqazı Livan, Suriya, Liviya, İraq, Yəmən, Sudan və digər Orta Şərq ölkələrindəki kimi vətəndaş müharibələrinə sürükləməklə bu prosesin qarşısını almağı hədəf seçibdir.
Təəssüf ki, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə yerli “Təbriz Universiteti” tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayının 2-ci səhifəsində dərc olunmuş: “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları” və “Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalələrin mənası da Azərbaycan Respublikasının varlığını görməzlikdən gələn bir siyasətə xidmət edir.
1925-ci ildə ifrat şəkildə irəli sürülən “irani milləti”, “panfarsizm” və “paniranizm” ideologiyası 40 ildir İran molla rejimi tərəfindən dövlət siyasətinin bir parçası hesab olunur. Bizim eranın başlanğıcından Qafqaz və indiki İran ərazisi Xəzər, Maday, Alban, Atropat, Alan, Tolunoğluları, Sacilər, Salarlılar, Böyük Səlcuqlu, Salqurlu, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Afşarlar və Qacarlar dövlətləri ilə, 1800 illik türk dövlətçilik ənənələri ilə bağlıdır. İndi bütün bunları tarixin “qaranlığında dəfn etmək” siyasətini yürüdən molla rejimi ictimai fikri azdırmaq üçün “Gülüstan” və “Türkmənçay” anlaşmalarını gündəmə gətirməklə öz hədəflərini sərgiləməyə çalışır. Gerçəkdən də bu iki anlaşma sonucunda Azərbaycan dövlətçilik ənənəsinin tarixi mirası olan Qacarlar imperiyasının parçalanması milli tariximizin ən acınacaqlı salnamələrdən biridir. Ancaq bu anlaşmanın “iranilik”, “panfarsizm” və “paniranizm”ə heç bir aidiyyatı yoxdur.

Hiylə və məkrdən yoğrulmuş hədəflər

“Qarabağın azadlığı üçün Bakının əsas gücü Qüdsün işğalçıları deyil, Azərbaycan Respublikasının cavanlarıdır” deyimi sadəcə molla rejiminin hədəflərindən qaynaq tapır. Tehran rejimini idarə edən ayətullahlar daha da irəli gedərək Respublikamıza qarşı daha dərin çamurlar atmaq üçün uydurma informasiya təbliğatlarına start veribdir. O da bəllidir ki, Azərbaycan Respublikasında milyonlarla insanlar Tehran rejiminin ən adi xoşməramlı addımlarına belə inanmırlar. Ona görə ki, İran adlı ölkə bu etimadı əməli ilə qazana bilməyib. Bunun tək səbəbi isə, 1830-cu illərdən başlanılan

1. Ermənilərin Qafqazda məskunlaşdırılması,

2. Azərbaycan xalqına məxcsus əraziləri süni şəkildə özlərinin “tarixi torpaqlar” hesab etməsi,

3. Müstəmləkəçi dövlətlərin aləti olaraq silahlanaraq Azərbaycan xalqına qarşı soyqırımlar siyasitinin “maşası” olması,

4. Azərbaycanın tarixi torpaqlarında Çarlıq və Sovet Rusiyasının dəstəyi ilə qondarma “Ermənistan”nın yaradılması,

5. Azərbaycan Respublikasının Qarabağ bölgəsində işğalçılıq siyasətində xarici güclərin yenidən əlaltısına çevrilməsi,

6. Son iki yüz ildə Şimali Azərbaycanda, Cənubi Azərbaycanda ermənilərin apardıqları işğalçılıq siyasətinin nəticəsində böyük bir xalqın ikiyə bölünməsi kimi acı gerçəkləri bizlər heç bir zaman unutmamışıq.

Bütün bunları görməzlikdən gələn molla rejimi onu da dərk etməlidir ki, Azərbaycan Respublikasının KİV-lərində qeyd olunan və Tehranın qorxulu gizli hədəflərinə görə hesablanmış addımları məhz bu faktorlara görə təqdir olunmur. Tehran mətbuatının son zamanlar gündəmində qeyd olunan “Azərbaycan Respublikası KİV-ləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bu ölkəyə səfərinin təxirə salınması bəhanəsi ilə spekulyasiya və buna bənzər ədəbiyyat şəklində İranın ünvanına qərəzli ittihamlar irəli sürdü. İranın regional mövqeyini, həmçinin həssas məqamlarda bu ölkəyə tarixi və təkzibolunmaz dəstəklərini xatırlatmaqla, sözügedən kütləvi informasiya vasitələrini realizmə, tarixi mütaliə etməyə və ədalətli nəticə çıxarmağa dəvət edirik”.

Bəh… bəh… bəh… Görəsən hansı ədalətdən dəm vurulur? 28 ildir Ermənistanla strateji müttəfiqlik siyasətini yürüdən Tehran rejimi müsəlman qardaşı olan Azərbaycanın tarixi ərazilərinin işğalında nədən İrəvanın yanında yer almışdı? Ermənistan-İran iqtisadi və ticarət, siyasi və ictimai, hərbi əlaqələrinin pik nöqtədə olduğunu nədən görməzlikdən gəlməliyik?

Tehran mətbuatında İran molla rejiminin silah gücünün başında duran baş qərargah rəisi general Məhəmməd Bağırinin Bakıya rəsmi səfərdə olması iddiasının Bakıda KİV-lər vasitəsilə boykot edilməsini sindirə bilmədiyi üçün əndərabadi fikirlər səsləndirildi: “Azərbaycan Respublikasının qeyrətli müsəlman xalqına ehtiram qoyaraq, sözügedən KİV-lərin ədalətsiz mətləblərinə cavab olaraq aşağıdakı məqamları açıqlayırıq. KİV-lərin siyasi analitikləri general Bağerinin səfərinin təxirə salınması ilə əlaqədar fərziyyələr fonunda Qarabağ müharibəsi ilə bağlı baş vermiş qüsurlara don geyindirərək, həmçinin bu ölkənin müxtəlif sahələrdə uşaq qatili və Qüdsü işğal edən rejimlə və bu rejimin daimi himayədarı, yəni Amerika ilə əlaqələrinə bəraət qazandırmağa və ittiham barmağını İrana qarşı istiqamətləndirməyə çalışırlar. İran İslam Respublikasının qonşularına, xüsusilə Azərbaycan Respublikasına münasibətdə milli strategiyasını, ümumi siyasətini və praktiki addımlarını düzgün tanıtmaq üçün araşdırma aparmırlar. İran xalqı özünün enişli-yoxuşlu tarixində bir çox acılı və şirinli hadisələri arxada qoyaraq, alçaldıcı və zorla qəbul etdirilmiş müqavilələrdən tutmuş şanlı mübarizə və qələbəyə kimi ibrətlər götürmüşdür”.

Yenə də bəh…bəh…bəh… Nə zamandan Tehran rejimi dünyanın ən humanist ölkəsi hesab olunub? Suriya, İraq, Somali, Livan, Fələstin, Yəmən, İordaniya, Küveyt, Liviya, Türkiyə, Əfqanıstan, Misir, Pakistan və digər müsəlman ölkələrində süni şəkildə irəli sürülən məzhəb və təriqətlərin silahlı çatışmalarını kim təşkil edir?. Bu qanlı döyüşləri kim himayə edir? Əlbəttə ki, bunun tək bir cavabı var. Harada Tehran rejiminin barmağı varsa, orada fəlakət də var.

Azərbaycan Respublikasına ağıl vermək, yol göstərmək lazım deyil. Bizlər İran xarici işlər nazirliyinin orqanı olan rüblük “Risalət” dərgisinin 1991-ci ildə dərc edilən “Azərbaycan Respublikasının quruca adı İran dövləti üçün daim təhlükə mənbəyi olacaqdır. Azərbaycan Respublikasını ya mollaxanaya, ya da narkotik maddələrin ən çox istifadə olunduğu bir məkana çevrilməlidir” tezislərini heç bir zaman unutmamışıq. Halbuki bu fikirlərin müəllifi o zamanlar xarici işlər naziri vəzifəsini icra edən, bu gün “Vilayəti Fəqih”in (İslam İnqilabının lideri) başçısı Ayətullah Seyidəli Xameneyinin Qafqaz və Orta Asiya üzrə baş müşaviri olan Əliəkbər Vilayəti idi.

(ardı var)

Ə. Yusifoğlu