Yıldırımhan: Türkiyənin ilk qitələrarası ballistik raketi haqqında nə bilirik? - VİDEO

SAHA 2026 sərgisində Türkiyənin ilk qitələrarası ballistik raketi təqdim olunub

İstanbulda çərşənbə axşamı qapılarını açan beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisi SAHA 2026-da Türkiyənin ilk qitələrarası ballistik raketi olan Yıldırımhan ilk dəfə ictimaiyyətə təqdim edilib.

Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən tanıdılan raket bir çox xüsusiyyəti ilə ilk olma statusu daşıyır. Texniki imkanları və strateji potensialı ilə sərginin diqqət çəkən layihələrindən biri olub.

Yaşar Gülər sərgi çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib:

“Ölkəmizin ilk maye raket yanacağı ilə işləyən, hipersəs sürətində hərəkət edə bilən və indiyədək hazırladığımız ən uzaqmənzilli YILDIRIMHAN raketimiz var. Bunları böyük qürurla nümayiş etdirəcəyik”.

Sərgidə Yıldırımhan ilə yanaşı Güçhan turbo-fan təyyarə mühərriki, Onur turboşaft helikopter mühərriki, Gölgehan radioelektron mübarizə sistemi və öz kalibrində “dünyanın ən yüngül silahı” olduğu bildirilən PNR-53 SNIPER də nümayiş olunub.

Milli Müdafiə Nazirliyinin rəsmiləri vurğulayıblar ki, Yıldırımhan “Türk müdafiə sənayesinin çatdığı zirvəni təmsil edir” və Türkiyənin çəkindiricilik strategiyası baxımından mühüm rol oynayacaq.

Raketin burun hissəsində Mustafa Kamal Atatürkün imzası yer alır. Raketin digər hissəsində isə Osmanlı sultanı Yıldırım Bəyazidin tuğrası yerləşdirilib.

6 min kilometr mənzil, hipersəs sürəti

Yıldırımhan 6 min kilometrlik uçuş məsafəsi ilə Türkiyənin müdafiə imkanlarında mühüm güc elementi kimi qiymətləndirilir.

Bildirilir ki, sistem dörd raket mühərriki ilə işləyir və yanacaq kimi maye azot tetroksiddən istifadə edir. Bu mühərrik sistemi sayəsində raketin Mach 9 ilə Mach 25 arasında dəyişən hipersəs sürətinə çata bildiyi qeyd olunur.

Bu yerli istehsal vasitəsilə Türkiyə ballistik raket texnologiyasında qlobal oyunçulardan birinə çevrilmiş sayılır.

Sistemin ən diqqət çəkən xüsusiyyətlərindən biri onun yüksək manevr qabiliyyəti və mövcud hava-raketdən müdafiə sistemlərini aşa bilmə potensialıdır. Bildirilir ki, bu imkan raketin hədəfə daha sürətli çatmasına və qarşı tərəfin erkən xəbərdarlıq sistemlərini zəiflətməsinə şərait yaradır.

Türkiyənin ballistik raket arsenalı genişlənir

Türkiyə müdafiə sənayesi pilotsuz uçuş aparatları və avtonom sistemlər sahəsindəki uğurlarını artıq uzaqmənzilli raket texnologiyaları ilə də gücləndirir.

Bu istiqamətdə ən diqqət çəkən layihələrdən biri 2025-ci ilin iyulunda keçirilən IDEF 2025 sərgisində təqdim olunan Tayfun Blok-4 raketi olub.

ROKETSAN tərəfindən təqdim edilən Tayfun Blok-4 uzunluğu 10 metr, çəkisi isə 7 min 200 kiloqram olan və “tamamilə milli resurslarla istehsal edilən Türkiyənin ən uzaqmənzilli ballistik raketi” kimi tanıdılıb.

Texniki məlumatlara görə, Tayfun ailəsinin əsas versiyaları 280 kilometrlik həddi aşır. Blok-4 variantının isə mənzilinin 1000 kilometrə qədər çata biləcəyi ehtimal olunur.